Ciovanni Kristofoli (Giovanni Cristofoli) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə yeni regional prezidenti təyin olunub.
Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, C. Kristofoli bu vəzifənin icrasına 1 oktyabr 2025-ci il tarixindən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.
Hazırda isə C. Kristofoli BP-nin texniki həllər bölümünün baş vitse-prezidentidir və şirkətin apstrim, emal, az karbonlu enerji və iştirakçısı olduğu birgə müəssisə bizneslərinə xidmət və çözümlər təqdim edən qlobal təşkilatına rəhbərlik edir. Onun rəhbərliyi altında BP texniki xidmət, qurğuların və avadanlıqların bütövlüyü və davamlılığı, sualtı işlərlə bağlı xidmətlər və bir çox digər sahələrdə işlərin yerinə yetirilməsi tərzini transformasiya edib.
C. Kristofoli bu vəzifədə BP-nin regiondakı biznesinə 2017-ci ilin aprel ayından uğurla rəhbərlik edən Qari Counzu əvəz edəcək. Q. Conz bundan sonrakı vəzifəsi ilə bağlı məlumat sonra veriləcək.
BP-nin baş icraçı direktoru Marri Okinkloss: “C. Kristofoli qlobal enerji sənayesində böyük təcrübəyə malik mütəxəssis və rəhbərdir. O, bu vəzifəyə strateji baxış, əməliyyatlarda mükəmməllik, transformasiya, artım və irəliləyiş sahələrində təsdiqlənmiş zəngin təcrübə ilə gəlir. bp-nin yeni regional prezidenti kimi Cio buradakı uğurlu tərəfdaşlıqlarımızı davam etdirəcək və dünya səviyyəli layihələrimizin və əməliyyatlarımızın qürur duyduğumuz tarixini irəli aparacaq.
Fürsətdən istifadə edərək mən həmçinin Q. Counza BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və göstərdiyi dönməzliyə görə öz səmimi təşəkkürümü bildirmək istəyirəm. Q. Counz son səkkiz ildə bizim regiondakı biznesimizi fərqləndirici bir qətiyyətlə idarə edib, hökumət, SOCAR və tərəfdaşlarımızla möhkəm əməkdaşlıqda bir sıra uğurlara və mühüm irəliləyişlərə nail olub. Xüsusilə, bu ayın əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində elan etdiyimiz beş yeni layihə bp-nin bu uğurlu birgə səylərə davamlı və get-gedə artan sadiqliyinin və regiondakı uzunmüddətli və seçilən tərəfdaşlığının daha bir göstəricisidir. Mən C. Kristofoli və Q. Counza yeni vəzifələrində uğurlar diləyirəm.”
Qeyd edək ki, Ciovanni Kristofoli 24 ildir BP-dədir və bu müddət ərzində şirkətin biznesinin müxtəlif sahələrində rəhbər vəzifələrdə çalışıb. O, 2021-ci ildən BP-nin texniki həllər bölümünün baş vitse-prezidentidir və bu vəzifədə o, şirkətin qlobal bir təşkilatına rəhbərlik edərək fərqli bir iş icrası təmin etmək məqsədilə BP-nin apstrim və emal biznesləri ilə sıx işləyib.
Onun rəhbərliyi altında BP-nin texniki həllər bölümü emal, sualtı işlər və texniki qulluq da daxil olmaqla bir sira daha geniş biznes sahələrində səmərəli icra, ən qabaqcıl təcrübə, texniki səriştə və biznesin təkmilləşdirilməsinin möhkəmlənməsinə kömək edib. C. Kristofoli həmçinin BP-nin müxtəlif sahələri birləşdirən rəhbər qrupunun üzvü kimi şirkətin Azərbaycan, Misir, Trinidad və Şimal dənizində geoloji işlərinə yenidən baxılmasında və optimallaşdırılmasında aparıcı rol oynayıb.
BP-nin texniki həllər bölümünə rəhbərlik etməzdən əvvəl C.Kristofoli BP-nin apstrim biznesində əməliyyatlar və idarəetmə sahəsində geniş təcrübə toplayıb. Onun əvvəlki vəzifələrinə hasilatın inteqrasiyası və transformasiyası üzrə vitse-prezident, həmçinin qlobal əməliyyatlar və iri layihələr üzrə vitse-prezident rolları daxildir. Bundan əlavə C.Kristofoli İndoneziyada Tangguh LNG-də sahə əməliyyatları üzrə rəhbər və Şimal dənizində müxtəlif platformalarda mühəndislik və platforma meneceri kimi çalışıb. C.Kristofoli öz fəaliyyəti dövründə transformativ təşəbbüslərin həyata keçirilməsində aparıcı rol oynayıb. Bu cür səylər BP-nin əməliyyat səmərəliliyini və innovasiyanı yüksəltməklə mürəkkəb və yenilənən sənaye mühitinə uyğunlaşmaq və belə bir mühitdə irəli gedə bilmək mövqeyinə çıxmasını təmin edib.
C.Kristofoli Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyasının sədridir. Bu mövqedə o, bütün neft və qaz sektorunda əməkdaşlığı fəal şəkildə təşviq edir və Assosiasiyanın daha təhlükəsiz, daha səmərəli və dayanıqlı sənaye təcrübələrinə doğru istiqamətlənməsinə kömək edir.
O, müxtəliflik, inklüzivlik və istedadların inkişafının güclü təbliğatçısı kimi daim bp-nin gələcək liderlərinin yetişdirilməsi üçün çalışır.
C.Kristofolinin Padua Universitetindən termodinamika üzrə fəlsəfə doktoru (PhD) və kimya mühəndisliyi üzrə magistr dərəcələri var. O, həmçinin Kimya Mühəndisləri İnstitutunun üzvü və sertifikatlı alimdir. Cio həmçinin Londonun Brunel Universitetində dəvətli professor kimi fəaliyyət göstərir.