Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların bu il ümumilikdə 2 900 hektar əkin sahəsi Zabuxçay su anbarından təmin edilən su ilə suvarılıb.
"Report"un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılan aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin olunması məqsədilə Zabuxçay su anbarı və ona bağlı magistral boru kəməri istifadəyə verilib:
“Ümumi tutumu 27 milyon kubmetr olan su anbarı və 51,6 km uzunluğunda təzyiqli magistral boru xətti regionun aqrar inkişafına xidmət edəcək”.
İ.Quliyev bildirib ki, Zabuxçay su anbarının texniki göstəricilərinə əsasən, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, üstdən eni isə 10 metr təşkil edir: "Tikinti zamanı Güləbird Su Elektrik Stansiyasına (SES) aid 1,2 km-lik derivasiya boru xətti, qəza sutullayıcısı, xidmət binaları və ətraf infrastruktur da inşa edilib".
Onun sözlərinə görə, layihənin əsas tərkib hissələrindən biri olan magistral boru kəməri vasitəsilə Zabuxçay su anbarından çıxan su Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarındakı əkin sahələrinə çatdırılır:
“Uzunluğu 51 600 metr olan boru xəttinin ötürmə qabiliyyəti başlanğıcda saniyədə 6,2 kubmetrdir. Kəmər yüksək təzyiqli çiləyici və damcılı suvarma sistemləri üçün nəzərdə tutulub”.
Agentlik rəsmisi vurğulayıb ki, Zabuxçay su anbarı layihəsi regionun aqrar potensialının reallaşdırılması baxımından mühüm rol oynayır: “Bu layihə həm kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, həm də yerli əhalinin rifahının yüksəldilməsinə töhfə verəcək”.