Türkmənistan qardaş Azərbaycan kimi regionda beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir.
"Gündəmtv.az" xəbər verir ki, bunu Türkmənistan Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Bakıda “Azərbaycan ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirin açılışında deyib.
Onun sözlərinə görə, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, həmçinin "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin inkişafına mühüm töhfə verir.
"Türkmənistan Avropanı və Asiyanı birləşdirən logistika mərkəzinə çevrilməyə çalışır, bununla da iqtisadi və siyasi əlaqələri genişləndirir", - Ş.Şiriyev bildirib.
O vurğulayıb ki, Türkmənistan bitərəfliyin regional layihələrin inkişafı üçün əsas olduğu strateji yanaşmaya sadiqdir: "Aşqabad qlobal dəyişikliklər şəraitində siyasi bitərəfliyə sadiq qalır. Bitərəf dövlətlər qlobal parçalanmanın nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilərlər. Onlar birbaşa əməkdaşlığın çətin olduğu yerlərdə dialoq qura bilirlər. Bu mənada bitərəflik təkcə siyasi anlayış deyil, həm də iqtisadi sabitlik amilidir".