Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib.
“Gündəmtv.az” xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iyunun 18-də Bakıda keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır:
"Bu gün dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən mürəkkəb vəziyyət hökm sürür. Hazırda bir çox dünya dövlətləri mürəkkəb siyasi sınaq qarşısındadır. Lakin bütün çətinliklərə baxmayaraq, ölkəmiz gündən-günə güclənir. Müstəqillik dövründə əldə edilən ən vacib nailiyyət isə torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyinin tam bərpası oldu".