Son günlər baş verən kütləvi qida zəhərlənmələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Ötən həftə paytaxtda fəaliyyət göstərən bir şadlıq sarayında 50-dən çox şəxs zəhərlənib. Məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb. Ay ərzində mətbuata məlum olan digər zəhərlənmə faktlarına əsasən bu say 15-i keçir.
Bu cür halların təkrarlanması, ictimai iaşə obyektlərində qida təhlükəsizliyinin vəziyyətini və nəzarət mexanizmlərinin yetərli olub-olmamasını bir daha gündəmə gətirir.
Maraqlıdır, baş verən qida zəhərlənmələrinin əsas səbəbi nə ilə bağlıdır?
Mövzu ilə bağlı Ölkə.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, bu məsələ tez tez müzakirə olunur, amma yetərli yoxlamaların aparılmasına, AQTA-nın əməkdaşlarının mütəmadi olaraq reydlər keçirməyinə və müəyyən tədbirlər görülməsinə baxmayaraq, yenə də bu hallar baş verir: “Təbii ki, burada yenə də insan sağlamlığı arxa plana keçir, ön planda isə işbazların əlavə qazanc əldə etmək məsələsi durur. Dəfələrlə qeyd elədik ki, yoxlamalar məhsulların saxlanma şəraiti yeməkxanalarda, restoranlarda qoyulmuş xüsusi temperatur göstəricisi olan soyuducularda həyata keçirilməlidir. Məhsulları soyuducularda saxlayarkən onların mal qonşuluğuna diqqət yetirilməlidir.
Ən çox risk qrupuna daxil olan məhsullardan müxtəlif salatlar, məsələn, göbələk salatı, balıq yeməkləri, müxtəlif ədviyyatlı yeməklərdir ki, bunları saxlayarkən həmin yazılan qaydalara əməl olunması mütləqdir”.
Ekspertin sözlərinə görə, buradakı problem ondan ibarətdir ki, hazırlanmış məhsullar, məsələn, salatlar təkrar emal olunur və yenidən istifadəyə verilir:
“Bu zaman isə onların düzgün saxlanma şəraitinə, xüsusən də soyuq qida zəncirinə əməl olunmur. Ola bilər ki, saxlanılıb yenidən növbəti məclisdə, toyda istifadə olunub. Artıq havalar isinib və burada müəyyən risk qrupuna aid olan məhsullar var. İctimai iaşə obyektlərində ən çox rast gəlinən problemlərdən biri işçilərin məhsullarla düzgün davranmaması və bu məhsulların saxlandığı yerlərlə bağlıdır. Xüsusilə də qidaların qoyulduğu qabların təmizliyinə diqqət yetirilməlidir. Soyuducu sistemləri tam standartlara uyğun olmalıdır ki, saxladıqları məhsul xarab olmasın.
Bəzən görürsünüz, enerjiyə qənaət etmək məqsədilə soyuducu işlədilmir. Sadəcə görüntü olaraq məhsul saxlanılır. Bu yolverilməzdir. Yəni bu kimi hallar olarsa, təbii ki, burada zəhərlənmə ola bilər. Eyni zamanda restoranlarda hazırlanan ət və ət yeməkləri, toyuq yeməkləri mütləq baytarlıq nəzarətindən keçirilməlidir. AQTA-nın sertifikasiyasından keçirilməlidir”.