“Zeytun Pharmaceuticals” MMC malların saxlanca qoyulması və saxlanc qaydalarını pozduğuna görə cərimələnib.
Gündəmtv.az-ın məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulmasına görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.