Livanın Baş naziri Navaf Salam İsrailin ölkənin cənubuna hücumunu tənqid edib.
“Gündəmtv.az” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, Livan hökumətinin başçısı İsrailin Nəbatiyə bölgəsinə hücumlarını qətiyyətlə pislədiyini bildirib.
O, bu hərəkətləri "milli suverenliyin və keçən ilin noyabrında əldə edilmiş döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşmaların kobud şəkildə pozulması, həmçinin qorumağa çalışdığımız sabitliyə təhdid" adlandırıb.
Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirdiyi barədə məlumat vermişdi.
İsrail keçən ilin noyabrında imzalanmış atəşkəs razılaşmasına baxmayaraq, son günlərdə ölkənin cənubunda "Hizbullah"ın obyektlərinə hücumları intensivləşdirib.