Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri Mixail Acapaxyanın həbsinə mane olmamağa çağırıb.
“Gündəmtv.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə MTX-nin bəyanatında deyilir.
Məlumata görə, İstintaq Komitəsi arxiyepiskop barəsində cinayət işi açıb. O, hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar etməkdə ittiham olunur.
"İyunun 27-də arxiyepiskopun həbs edilməsi ilə bağlı qərar qəbul edilsə də, o, hələ azadlıqdadır. O, barəsində həbsqəti imkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməlidir. MTX vətəndaşları güc strukturlarının fəaliyyətinə mane olmamağa və vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırır. Arxiyepiskopdan əməliyyat qrupuna könüllü təslim olması xahiş olunur", - bəyanatda deyilib.