Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 16 min 738 ton miqdarında ət idxal edib.
Dövlət Gömük Komitəsi xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 36 milyon 503 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 477 ton (17,3%), dəyər ifadəsi ilə 11 milyon 567 min ABŞ dolları (46,3%) çoxdur. Ötən ilin müvafiq dövründə ət idxalının miqdarı 14 min 261 ton, dəyəri isə 24 milyon 936 min ABŞ dolları olub.
Hesabat dövründə xaricdən alınan ətin bir kiloqramı üçün orta qiyməti 2,18 ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,44 ABŞ dolları bahadır. Ötən ilin eyni dövründə bu qiymət 1,74 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin ilk dörd ayında idxal olunan ət ümumi idxalın 0,67 faizini təşkil edib. Bəs, idxalda artan qiymət ölkəmizin ət bazarına necə təsir edəcək?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, idxal məhsullarının qiymətinin artması ət məhsullarına birbaşa təsir edir:
“Ət məhsulları dedikdə kolbasa və kolbasa məmulatları nəzərdə tutulur. Çünki idxal edilən ətin böyük bir hissəsi istehsalata yönəldilir. Digər bir qismi isə qapalı təşkilatların ehtiyacları üçün alınır.
Hazırda ölkəmizdə fəaliyyət göstərən kolbasa zavodları öz zəruri ehtiyaclarını əsasən idxal edilən ət hesabına ödəyir. Ona görə də idxalda baş verən qiymət artımı birbaşa kolbasa və kolbasa məmulatlarının maya dəyərinə təsir edəcək. Məhz bu səbəbdən yaxın zamanlarda kolbasa və kolbasa məmulatlarının qiyməti bahalaşacaq”.