Son iki ildə mənzil bazarında müşahidə edilən güclü bahalaşmanı gələn il ucuzlaşma əvəz edə bilər. Bu fikri söyləyəmə əvvəlki illərdə yüksək qiymət artımına səbəb olan amillərin tədricən aradan qalxması, eləcə də 2024-cü ilin sonundan bazarda konyuktur vəziyyətin dəyişməsi əsas verir.
Hazırda mənzil bazarında nisbi durğunluq müşahidə edilir. Durğunluq əlamətləri ötən ilin dördüncü rübündən hiss edilir və kiçik dəyişikliklərə baxmayaraq, hələ də bazarda əvvəlki mənzərə qalır. Yəni bazarda həm alıcı azalıb, həm də satışa əvvəlki illərlə müqayisədə az mənzil təklif edilir.
Adətən mənzil və ya daşınmaz əmlak bazarında qiymətlərin kəskin artmasından sonra sabitləşmə, tələbin zəifləməsi görünür. Hazırda oxşar vəziyyət var. Amma tələbin azalması ilə paralel olaraq bazarda təklifin də azalması baş verir. Bu hal qiymətlərdə enməni çətinləşdirir, hətta müəyyən qədər qiymət artımlarına da səbəb olur. Məhz təklifin azalması ilə əlaqədar müəyyən qədər bahalaşmanın olduğunu rəsmi statistik məlumatlar da təsdiqləyir.
2021-ci illə müqayisədə 2023-cü ilin sonunda mənzil qiymətləri ümumilikdə 16 faiz artıb. Rəsmi məlumatlara görə, mənzil qiymətləri 2022-ci ildə 5,8 faiz, 2023-cü ildə isə daha 9,7 faiz yüksəlib. Mənzil bazarında 2023-cü ildə olduğu kimi 2024-cü ildə də qiymət artımları davam edir. Lakin qiymət artımlarının sürətində zəifləmə var. Bu ilin ilk rübündə mənzil bazarında qiymətlər 2023-cü ilin son rübü ilə müqayisədə 2,2 faiz artıb. Müqayisə göstərir ki, qiymət artımı ilkin bazarda daha yüksək olub. İlkin bazarda qiymətlər 3,1 faiz, təkrar bazarda 2,2 faiz artıb.
İllik müqayisədə isə qiymətlər 8,1 faiz yüksəlib. Bazarda qiymət dəyişikliklərinin dinamikası göstərir ki, növbəti rüblərdən qiymət artımlarının sürəti bir qədər də azalacaq. Çünki 2023-cü ilin ikinci yarısında qiymət səviyyəsi ən yüksək həddə çatıb. Bu hədlə müqayisədə cari ilin eyni dövründə qiymət artımlarının sürətinin zəifləməsi qaçınılmazdır. Buna görə də proqnozlaşdırmaq olar ki, 2024-cü ilin ikinci və daha çox üçüncü rübündə mənzil bazarında inflyasiya illik müqayisədə 2-3 faizə düşəcək.
İlin sonunda qiymət artımlarının daha da səngiməsi gözləmə mövqeyi tutan və çoxlu sayda mənzilə sahib olan satıcıların davranışını dəyişdirəcək. Onlar sahib olduqları mənzillərin daha çox hissəsini satışa təklif etmək məcburiyyətində qalacaq.
Məlumatlara görə, son bir ildə bəzi tikinti şirkətləri yeni mənzillərin satışını ləngidərək gözləmə mövqeyi tutublar. Onların əvvəllər bu cür davranmasında əsas məqsəd mənzilləri daha baha satmaq olub. Amma son aylarda satışa az mənzil çıxarılmasında əsas məqsəd vaxt qazanmaq, durğunluğun aradan qalxmasına dəstək verməkdir.
Son bir neçə ayda ilkin mənzil bazarında qiymətlərin təkrar mənzil bazarı ilə müqayisədə daha böyük sürətlə artması da bununla bağlıdır. İddialara görə, bəzi tikinti şirkətləri istifadəyə hazır olmasına baxmayaraq, minlərlə mənzili satışa təklif etmirlər.
Şirkətlər hazır olan mənzillərin satışa çıxarılmasını təbii ki, uzun müddət ləngidə bilməzlər. Çünki bu, onların həm maliyyə öhdəliklərinin icrasını çətinləşdirir, həm də yeni layihələrin həyata keçirilməsi üçün vəsait tapmasını əngəlləyir. Buna görə də şirkətlər qiymətlərin arzuladıqları səviyyədə artmayacağını görüb daha çox gözləməyəcəklər və bazara əllərində saxladıqları mənzilləri təklif edəcəklər.
Ehtimal olunur ki, bu ilin sonunda, yaxud ən geci 2025-ci ilin ilk aylarından mənzil bazarında təklif bolluğu yaşanacaq və bunun ardınca qiymətlərdə enmə görünəcək.
Mənzil bazarında ucuzlaşma ehtimalını gücləndirən səbəblər arasında Rusiya faktoru da var. Azərbaycanın mənzil bazarında qiymət artımlarını gücləndirən əsas amil Rusiyadan ölkəmizə göndərilən pul vəsaitlərinin kəskin artması olub. Fiziki şəxslər tərəfindən 2021-ci ildə Rusiyadan köçürülən pulun məbləği 623 milyon dollar olduğu halda, 2022-cü ildə 2,97 milyard dollara yüksəlib, 2023-cü ildə isə 1,05 milyard dollara düşüb. Bu məlumatdan görünür ki, 2022 və 2023-cü ildə Rusiyadan Azərbaycana əvvəlki illərlə müqayisədə xeyli çox vəsait köçürülüb.
Göndərilən vəsaitlərin bir hissəsi məhz mənzil bazarına yönəldilib və bu, bazarda qiymət artımlarına səbəb olub. Son məlumatlara əsasən, Rusiyadan ayrı-ayrı ölkələrə köçürülən pullar tədricən geri qayıdır. Eyni proses Azərbaycanda da baş verir. Vəsaitlərin geri qayıdışının davam edəcəyi təqdirdə ölkəmizin mənzil bazarında tələb zəifləyəcək.
Beləliklə, bir tərəfdən bazara daha çox mənzilin çıxarılması, digər tərəfdən tələbin zəifləmə ehtimalının güclənməsi ilin sonundan Bakının mənzil bazarında qiymət enmələrinə təkan verəcək.