"Dönərlə bağlı məsələlər hər zaman diqqət mərkəzində olur".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, dönərin hazırlandığı məhsulların keyfiyyəti və dönərxananın gigiyenik vəziyyəti həmişə müzakirə predmetinə çevrilib:
"Əslində, insanların bu nüanslara diqqət etməsi öz sağlamlıqları üçün olduqca vacibdir. Lakin əfsuslar olsun ki, bu gün əhalinin sıx məskunlaşdığı yerlərdə dönərxanalar fəaliyyət göstərir".
Ekspert qeyd edib ki, satışdakı dönərlərin əksəriyyəti çox ucuz qiymətə satılır:
"Əslində, ilk növbədə satılan hansısa məhsulun hazırlanması üçün istifadə olunan xam malın qiymətinə fikir vermək lazımdır. Sözügedən xam malın qiyməti ilə satışa təqdim olunan məhsulun qiyməti uyğun olmalıdır".
Mütəxəssis diqqətə çatdırıb ki, əslində dönərlərin xam malı özlərindən bahadır:
"Məsələn, bu gün toyuq ətinin qiyməti ortalama 6-7 manatdır. Yəni dönərin hazırlandığı toyuq ətinin miqdarını, ona qatılan digər ədviyyatların və tərəvəzlərin qiymətlərini nəzərə almaq lazımdır.
Eyni zamanda, işçi pulunu və dönərin hazırlanması üçün istifadə olunan enerji xərcini də hesablamalıyıq. Bu isə o deməkdir ki, dönərin maya dəyəri 3-4 manata təqdim oluna bilər. Ancaq bu gün 1 manata, 1 manat 50 qəpiyə dönər satılır".
İlkin Şirinov vurğulayıb ki, bu zaman həmin dönərlərin hazırlandığı ətin keyfiyyəti ilə bağlı ciddi suallar yaranır:
"O dönərin hazırlanmasında hansı ətdən istifadə olunduğunu bilmək lazımdır. Sözügedən ətlərin mənşəyi haqqında məlumat verilməlidir. Bu səbəbdən də müvafiq qurumları mütəmadi olaraq dönərxanalarda monitorinq keçirməyə dəvət edirəm.
Ümumiyyətlə, dönərdən istifadə insan sağlamlığı üçün hər zaman təhlükə yaradır. Ucuz qiymətə satılan dönərlərdə isə hansısa keyfiyyətdən söhbət gedə bilməz. Bu, birbaşa olaraq insanların sağlamlığı üçün ciddi riskdir. Nəticədə, insanlar müxtəlif xəstəliklərə yoluxa bilərlər".