İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Beynəlxalq Valyuta Fondu (IMF) ilə ikitərərfli əməkdaşlığın mümkün yeni istiqamətləri, Fondun vergi inzibatçılığı ilə bağlı təcrübəsindən istifadəyə yönələn layihələr barədə müzakirələr aparıb.
“Gündəmtv.az” xəbər verir ki, müzakirələr Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində DVX-nın rəisi Orxan Nəzərli IMF-in Fiskal Məsələlər Departamentinin Gəlir İdarəetməsi üzrə 1-ci şöbəsinin rəhbəri Debra Adams ilə görüşdə baş tutub.
D.Adams DVX-nin 2025-2028-ci illər üzrə Strategiyasında nəzərdə tutulan hədəflər, ölkəmizdə vergi inzibatçılığının təkmilləşdirilməsi, könüllü əməletmənin təşviqi sahəsində görülmüş işlər, “kölgə iqtisadiyyatı” ilə mübarizə istiqamətində tətbiq olunan vergi siyasəti barədə məlumatlandırılıb. Görüşdə DVX əməkdaşları üçün "Vergi inzibatçılığının diaqnostik qiymətləndirmə aləti (TADAT)" əsasında daxili qiymətləndirmənin aparılmasına hazırlıq məqsədilə keçirilən təlimin nəticələri və bu sahədə gələcək planlar da müzakirə olunub. Bildirilib ki, bu qiymətləndirmə aləti vergi orqanlarında inzibatçılıq tədbirlərinin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, təkmilləşmə tədbirlərinin həyata keçirilməsi ardıcıllığı da daxil olmaqla islahat gündəliyinin aktual saxlanılması, beynəlxalq təcrübənin tətbiqi prosesində effektivliyin artırılması və həyata keçirilmiş islahatların təsirlərinin daha dəqiq qiymətləndirməsi kimi faydalara malikdir.