Azərbaycan Parisdə, UNESCO-nun mənzil qərargahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.
Gündəmtv.az xəbər verir ki, ölkəmiz Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, “Fransa-Azərbaycan Dialoqu Assosiasiyası” və “Toğrul Nərimanbəyov Assosiasiyası”nın təşkilatçılığı ilə beynəlxalq tədbirdə təmsil olunur.
Stendimizdə Azərbaycan çay məhsulları, çay süfrəsi ləvazimatları ilə yanaşı milli geyimlərimizə, incəsənətimizə həsr olunmuş kitabçalar nümayiş olunub.
Azərbaycan stendini müxtəlif ölkələrin diplomatları, jurnalistlər və digər qonaqlar ziyarət ediblər.
Festivalda bu il 16 ölkə təmsil olunub ki, onların arasında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Keniya, Çin Xalq Respublikası, İndoneziya, Şri-Lanka, Vyetnam, Yaponiya, Monqolustan, Fransa, Mərakeş və digər ölkələr yer alıb.
Ölkələr milli çay süfrəsi mədəniyyətləri ilə yanaşı milli musiqilərini, rəqslərini, incəsənətlərindən nümunələr də nümayiş ediblər.