Milli Məclis Azərbaycan və Şimali Makedoniya arasındakı diplomatik və xidməti/rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında sazişi ratifikasiya edib.
"Gündəmtv.az" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" 2025-ci il 12 mart tarixində Bakı şəhərində imzalanıb.
Sazişə əsasən, razılığa gələn bir tərəfin dövlətinin etibarlı diplomatik və xidməti/rəsmi pasporta malik vətəndaşları viza əldə etmədən razılığa gələn digər tərəfin dövlətinin ərazisində hər giriş tarixindən etibarən hər hansı 180 (yüz səksən) gün ərzində 90 (doxsan) gündən artıq olmayan müddətdə daxil ola, tranzit keçə, oradan çıxa və orada qala bilərlər.
Sənəddə bildirilib ki, müvafiq diplomatik nümayəndəlikdə, konsulluqlarda və ya beynəlxalq təşkilat yanında akkreditə edilmiş daimi missiyada öz vəzifələrini yerinə yetirmək üçün razılığa gələn tərəfin dövlətinin ərazisinə daxil olan və etibarlı diplomatik və xidməti/rəsmi pasportlara malik olan razılığa gələn digər tərəfin dövlətinin vətəndaşları, habelə onların ailə üzvləri qəbul edən ölkənin Xarici İşlər Nazirliyində akkreditə edilirlər.
Saziş diplomatik nümayəndəliklərin və konsulluqların etibarlı diplomatik və xidməti/rəsmi pasportlara malik üzvlərini, eyni zamanda digər razılığa gələn tərəfin ərazisində yerləşən beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin onların ailə üzvlərini onları qəbul edən dövlətdə akkreditasiyası üçün qoyulan viza tələbindən azad etmir.
Yuxarıda qeyd olunan şəxslər, akkreditasiya olunandan sonra, təyinatları müddəti ərzində qəbul edən dövlətin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, orada qala və oranı tərk edə bilərlər.
Sazişin təsdiqi haqqında qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.