Füzuli şəhərində 2-ci və 3-cü yaşayış məhəllələrinin, rayonun Dədəli və Pirəhmədli kəndlərin bərpası istiqamətində layihələndirmə işlərinə başlanıb.
Gündəmtv.Az xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzili və Xocavənd rayonlarındakı xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə deyib.
Onun sözlərinə görə, rayonun Dədəli və Pirəhmədli kəndinin 1-ci faza layihələndirmə işləri hazırda davam edir.
"Bundan əlavə olaraq, bu kəndlərdə 240 yerlik Uşaq bağçasının, 180 çarpayılıq xəstəxananın layihələndirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, Füzuli rayonunda təməli qoyulan layihələr üzrə layihə-planlama işlər davam edir, bəzilərində isə artıq tikinti işlərinin başlanılmasına hazırlıq gedir", - o qeyd edib.
İzasadə əlavə edib ki, Pirəhmədli kəndinə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılıb: "Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur. Ümumiyyətlə, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub.
Dədəli kəndində isə 4495 nəfərin (1129 ailənin) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı və bu məqsədlə 327 fərdi evin tikintisi nəzərdə tutulub. Dədəlidə də çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək.
Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib.
Hər iki kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır".