Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Gündəmtv.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclis sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı olub.
O, ötən əsrin əvvəlində, Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonra ermənilərin silahlanmasından, türklərə qarşı terror aktları törətməsindən söhbət açıb. Bildirib ki, erməni təşkilatları Osmanlıya qarşı düşmən mövqe tutublar.
Tarixçi-alimin sözlərinə görə, Birinci Dünya müharibəsi ərəfəsində Antanta dövlətləri ermənilərdən Osmanlıya qarşı alət kimi istifadə etmək fikrinə düşüb və vəd verilib ki, Şərqi Anadoluda onlara muxtariyyət yaradılacaq. Məhz bu vədə aldanan ermənilər Osmanlıya xəyanət ediblər.
24 aprelin ermənilər tərəfindən “soyqırımı günü” kimi qeyd edilməsinə toxunan millət vəkili söyləyib ki, bu tarixlə bağlı hayların irəli sürdüyü arqumentlərin, “dəlillərin” heç bir əsası yoxdur. Alimin sözlərinə görə, Şərqi Anadoluda tarix boyu 1,5 milyon erməni yaşamayıb. Ona görə də 24 aprel 1915-ci il tarixdə bu coğrafiyada 1,5 milyon erməninin qətlə yetirilməsi iddiası yalandır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.