Prezident İlham Əliyev "Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Gündəmtv.az-ın xəbərinə görə, Sərəncamla yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə Yüksəkixtisaslı Miqrant Proqramı (bundan sonra – Proqram) təsis edilir.
Nazirlər Kabinetinə proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış yüksəkixtisaslı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra – yüksəkixtisaslı miqrant) və onların ailə üzvlərinə münasibətdə tətbiq ediləcək güzəştləri (ölkədə olmaq, yaşamaq və ya haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər və onların sayı, icazələrin müddəti, iş icazəsi tələbindən azad olunma, müraciətlərə baxılma müddəti və s.) müəyyən edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarlarını və qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, Sərəncamda nəzərdə tutulan portal haqqında əsasnaməni və həmin portala inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısını üç ay müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Dövlət Miqrasiya Xidməti proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edən portalın (bundan sonra – portal) yaradılmasını iki ay müddətində təmin etməli, portala daxil olan müraciətlərə baxılmanı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə həyata keçirməli, portalda olan fərdi məlumatların və portal vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, portalın aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə Proqramın təbliğ və təşviq olunmasını təmin etməlidir.