Azərbaycanda kirayə müqaviləsi anlayışı artıq formalaşmaqdadır. Lakin bu növ müqavilədən praktiki istifadə edənlərin sayı olduqca azdır. Yaxın gələcəkdə kirayə müqaviləsinin icbari xarakter alması mümkündürmü?
Gündəmtv.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, müqavilələr heç bir halda məcburi xaraker daşıya bilməz:
“Mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilə azadlığıdır. Müqavilə tərəfləri qanunvericiliyə zidd olmayan istənilən müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqdlər - mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki və yaxud daha çox tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir. Mülki Məcəllədə nəzərdə tutulmuş "müqavilə" anlayışından belə başa düşürük ki, müqavilə heç bir halda məcburi xarakter daşıya bilməz və yaxud ona icbarilik mexanizmi tətbiq oluna bilməz. Müqavilə tərəflərin iradə ifadəsini əks etdirən ikitərəfli əqddir. Əgər bir razılaşmaya biz müqavilə deyiriksə, mütləq qaydada orada tərəflərin iradə ifadəsi öz əksini tapmalıdır”.
Hüquqşünasın fikrincə, kirayə müqaviləsinin bağlanması hər iki tərəf üçün faydalıdır:
“Tərəflər arasında kirayə müqaviləsinin bağlanması, hər iki tərəfi gələcək problem, öhdəlik və məsuliyyətdən xilas edə bilər. Kirayə müqaviləsinin bağlanması tövsiyə olunandır və bu müqavilənin bağlanması üçün müəyyən təşviqat kampaniyaları, maarifləndirmə işləri aparmaq lazımdır. Bu həm dövlətin vergi siyasətinə uyğundur, həm də tərəflərin münasibətlərinin daha təminatlı şəkildə qorunması üçündür.
Kirayə müqaviləsi olmadığı halda, onların heç bir hüquqi təminatı olmur. Məsələn, kirayə verən iddia edə bilmir ki, evimi kirayəşinə 500 manata vermişdim, ancaq o ödənişi verməyib. Eyni zamanda, kirayə götürən də sübut edə bilmir ki, 3 ayın pulunu ödəmişəm, amma ev sahibi məni evdən çıxarır. Yəni hüquqi təminatsız olur. Kirayə müqaviləsinin bağlanması məsləhətdir, ancaq heç bir halda məcburi ola bilməz”.