Büdcənin parlamentdə müzakirəsi təkcə büdcə zərfinin qəbul edilməsi deyil, eyni zamanda deputatların seçicilərini maraqlandıran və narahat edən məsələlərin hökumətə olan mesajını çatdırmaqdır.
Gündəmtv.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentdə 2025-ci il büdcəsininin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, büdcənin növbəti ildə əsas prioriteti ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, müdafiə və təhlükəsizliyin təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası və qurulması, vətəndaşların rifah halının daha yaxşılaşdırılmasıdır. “Büdcə müzakirələri eyni zamanda parlamentin bəzi mesajları hökumətin diqqətinə çatdırılması məqsədi daşıyır. Bu il də deputatlar görülməli olan işlər və seçicilərini narahat edən məsələlərlə bağlı mesajlarını hökumətin diqqətinə çatdıracaq. Hökumət də səslənən təkliflərə diqqətlə yanaşacaq. Mümkün olanları yerinə yetirəcək, mümkün olmayanları isə növbəti illərdə həyata keçirilməsini nəzərə alacaqlar”, - birinci vitse-spiker qeyd edib.