"Azərbaycanın qarşısında enerji keçidi üzrə böyük hədəflər durur. Məlum olduğu kimi, Azərbaycan tarixən neft, qaz ölkəsidir və nəhəng neft-qaz sərvətlərinə sahibdir".
Gündəmtv.Az xəbər verir ki, bunu "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” movzusunda keçirilən konfransda energetika nazirin müavini Samir Vəliyev deyib. O bildirib ki, bu çərçivədə görülən işlər həm də ölkəmizdə əlverişli investisiya mühitinin formalaşdırılması deməkdir:
"Yəni enerji tələbatının ödənilməsi baxımından bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə ciddi zərurət yoxdur, amma bizim iqlim dəyişikliyi, buna qarşı mübarizə, ümumiyyətlə, atmosferə atılan tullantıların azaldılması sahəsində könüllü olaraq bir sıra hədəflər müəyyən etmişik və bunun əsasında yaşıl gündəliyimizi müəyyənləşdirmişik. Burada qeyd olunduğu kimi, cənab Prezidentimiz 5 illik prioritetdən biri kimi məhz yaşıl inkişafı müəyyənləşdirmişdir. 2022-2026-cı illər üçün ölkənin sosial-iqtisadi inkişaf strategiyasında, Böyük Qayıdış Dövlət Proqramında, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramında bununla bağlı çox ciddi vəzifələr və hədəflər müəyyənləşdirilib.
Biz 2027-ci ilə kimi təqribən 1870 meqavatt yaşıl enerji mənbələri ilə bağlı layihələrin həyata keçirilməsi və onun enerji sisteminə inteqrasiyasını nəzərdə tuturuq. Paralel olaraq, bizim dənizdə də külək enerji potensialımız mövcuddur. Biz bunun reallaşdırılmasını və əldə olunan enerjinin Avropa ölkələrinə ixrac edilməsini planlaşdırırıq. Təqribən 4 geqavatt bu yaşıl enerjinin ixracı planlaşdırılır.
Qarşımızdakı dövrdə Xızıda 240 meqavatlıq külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Bu yaxınlarda biz BƏƏ şirkəti ilə 1 geqavatt gücündə 3 elektrik stansiyası layihəsinin həyata keçirilməsinə start verəcəyik. Bütün bu layihələr üzrə ümumilikdə ölkəmizə təqribən 1.5 milyard dollar investisiyalar yatırılmış və yatırılmaqdadır. Bu həm də ölkəmizdə əlverişli investisiya mühitinin formalaşdırılması deməkdir. Ölkəmizə olan uzunmüddətli layihələrdir və 20-25 ilə hesablanıb. Əgər indidən ölkəmizə belə böyük vəsaitlər yatırılırsa, deməli, ölkənin gələcəyinə, onun dövlət siyasətinə olan inamın bir göstəricisidir.
Bərpa olunan emerji mənbələrinin ölkəmizə inteqrasiyası üçün təbii ki, müəyyən işlər görülməlidir.
İkinci mühüm istiqamət dənizdə istehsal olunacaq eıektrik enerjisini Avropa ölkələrinə ixracı üçün infrastrulturun qurulmasıdır".