Süd istehsalı ölkəmizdə aşağı səviyyədədir, bu da kərə yağının maya dəyərini artırır. 1 kq kərə yağı üçün 3.6 faiz yağlılıqla 23 kq südə ehtiyac var.
Gündəmtv.az xəbər verir ki, bu sözləri Axar.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli kərə yağlarının keyfiyyəti və qiyməti ilə bağlı yaranan sualları cavablayarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda satılan kərə yağlarının çoxunun tərkibi şübhəlidir:
“Şəxsən mən Türkiyə yağlarının keyfiyyətinə etibar edirəm. Digər yağlar isə məndə şübhə yaradır. Çünki müxtəlif ölkələrin brendi adı altında satılan yağların əksəriyyəti Bakıda, Sumqayıtda hazırlanır. Xatırlayırsınızsa, iki-üç il bundan öncə Sumqayıtda yağ emalı ilə məşğul olan bir neçə sex yanmışdı. Məgər, onlar yağ istehsal edirdilər? Xeyr, bu ölkədə nə qədər süd istehsal olunur ki, ondan yağ da əldə edə bilək? Biz ildə, təxminən, 2 milyon ton süd istehsal edirik. Yəni ölkədə istehsal olunan bütün südü kərə yağı alınmasına yönəltsək belə ehtiyacımızı ödəməz. Halbuki istehsal olunan südün 90%-i bazara çıxarılır, qalan hissəsi isə pendir və digər süd məhsullarının hazırlanmasına yönəlir. Yalnız cüzi hissə yağ istehsalına sərf olunur”.
Ekspert bildirib ki, “nehrə yağı” adı altında satılan kərə yağlarının da keyfiyyəti suallar doğurur:
“Qubada bir araşdırma aparırdım, məlum oldu ki, quru süd və müxtəlif tərkibli qatqı yağları əlavə edib, bu qarışığı xüsusi aparata tökərək, guya “nehrə yağı” düzəldirlər”.
Vahid Məhərrəmli vurğulayıb ki, “kərə yağı” adı altında satılan yağları ölkəmizdə, bəzi sexlərdə qablaşdırıb, tərkibinə heyvanın iç yağı, bitki yağı, marqarin kimi məhsullar qatırlar.
Qida eksperti Türkan Abbasova isə kərə yağının keyfiyyətinin kimyəvi analizlər əsasında dəqiq təyin etməyin mümkünlüyünü qeyd edib:
“Amma bəzi ekspertlər öz təcrübəsi əsasında da təbii yağı müəyyən edə bilər. Əsl kərə yağı otaq temperaturuna çıxarılan kimi yumşalmalıdır. Çünki kərə yağları 20-25 dərəcə temperaturda artıq yumşalmalıdır və kəsəndə heç bir qırıntısı olmur, tam kəsilir”.