“İşğaldan azad olunan ərazilərin çox böyük iqtisadi potensialı var. Bu ərazilər ölkə iqtisadiyyatının inkişafına əlavə 40 faiz həcmində güc qatmaq imkanına malikdir. Başqa sözlə, həmin iqtisadi potensialdan istifadə etməklə biz ümumi daxili məhsul istehsalına əlavə olaraq 40 faizə qədər güc qata və əlavə artım əldə edə bilərik”.
Bunu iqtisadçı ekspert Pərviz Heydərov Bakupost.az -a deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə görülən işlərə müxtəlif istiqamətlərdə güzəştlərin tətbiqi həmin ərazilərin mövcud iqtisadi potensialını ölkə iqtisadiyyatına inteqrasiya etmək və bu potensialdan maksimum səviyyədə istifadəyə nail olmaq məqsədi daşıyır. Bu da ölkə iqtisadiyyatının inkişafına əlavə töhfə vermək və iqtisadi artımımızda, ümumi daxili məhsul istehsalında yeni nəticələr əldə etməyə hesablanıb:
“Bu gün işğaldan azad edilən ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə layihələr həyata keçirilir. Bununla dövlət və sahibkarlar arasında qarşılıqlı etimad, əməkdaşlıq mühiti inkişaf etdirilir”.