“South China Morning Post” (SCMP) peyk görüntülərinə istinadla İsrailin nüvə proqramı ilə bağlı yeni obyektin tikintisini sürətləndirdiyini iddia edib.
Gündəm24.az xəbər verir ki, nəşrin məlumatına görə, işlər Dimona şəhəri yaxınlığındakı Negev səhrasında yerləşən Şimon Peres Nüvə Araşdırmaları Mərkəzində aparılır.
Peyk görüntülərini tədqiq edən 7 ekspert bildirir ki, aktiv tikinti işləri İsrailin nüvə silahı istehsalı istiqamətində iddia edilən addımı ilə bağlı ola bilər.
Fotoşəkillər Amerikanın “Planet Labs PBC” şirkəti tərəfindən iyulun 5-də çəkilib. Ekspertlər tikinti obyektinin Dimonadakı reaktora yaxın olduğunu və burada mülki elektrik stansiyalarının olmadığını vurğulayıb.
Üç analitik obyektin yeri, ölçüsü və çoxmərtəbəli quruluşunu nəzərə alaraq bunun yeni ağır su reaktoru ola biləcəyini bildirir. SCMP izah edir ki, belə reaktorlar plutonium və nüvə silahı üçün istifadə edilə bilən digər materialların istehsalına xidmət edə bilər. Digər dörd ekspert isə işin yeni nüvə silahlarının yığılması ilə əlaqəli ola biləcəyini əlavə edib.
“Bulletin of Atomic Scientists”in məlumatına görə, İsrailin nüvə proqramı 1950-ci illərin ortalarında başlanıb. Ölkənin ilk baş naziri David Ben-Qurion qonşu ərəb ölkələrinə qarşı strateji üstünlük üçün “nüvə sığortası siyasəti”ni işə salıb və Şimon Peresi İsrailin nüvə proqramına rəhbərlik etməyə təyin edib. 1957-ci ildə İsrail Fransadan tədqiqat reaktoru və plutonium texnologiyası, 1959-cu ildə isə Norveçdən nüvə reaktorları üçün 20 ton ağır su alıb. Dimonada nüvə mərkəzinin tikintisi isə 1958-ci ildən davam edir.
1986-cı ildə Britaniyanın “The Sunday Times” qəzeti İsrailin artıq 20 ildən çoxdur nüvə başlıqları istehsal etdiyini, hətta “demək olar ki, bütün şəhərləri məhv edə biləcək termonüvə silahı” üzərində çalışdığını yazıb. Məqalə Dimona yaxınlığındakı nüvə mərkəzini lazımi komponentlərlə təmin edən “tam məxfi nüvə bunkeri” “Maxon 2”də on il işləmiş israilli nüvə texniki Mordechai Vanunun məlumat və fotoşəkillərinə əsaslanırdı.
Ekspertlərin təhlilinə görə, İsrail nüvə arsenalına görə dünyada Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çindən sonra altıncı yerdədir. Negev zavodu Fransa texnologiyasından istifadə edir və bu, Dimonanı “tədqiqat müəssisəsindən bomba hazırlayan müəssisəyə” çevirir. Alimlərin hesablamasına görə, İsrailin arsenalında 100–200 güclü nüvə başlığı ola bilər.
İsrail rəsmiləri bu iddiaları şərh etməyib və ölkə hələ də nüvə silahına malik olduğunu rəsmi şəkildə təsdiqləmir. Vanunu isə dövlətə xəyanətdə təqsirli biliblər.
Mövlam RZALI,
Gündəm24.az
Oxunub: 46