Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vilen Qabrielyan sərxoş vəziyyətdə jurnalistlə mübahisə edib, onu təhqir etdikdən sonra mandatından imtina edib.
Gündəmtv.Az xəbər verir ki, martın 31-də Gümrüdə keçirilən bələdiyyə seçkiləri zamanı hakim partiyanın deputatı Vilen Qabrielyan sərxoş halda jurnalisti təhqir edib və daha sonra başqa jurnalistlə mübahisə edib. Erməni deputat hətta onu sakitləşdiməyə çalışan yaxın ətrafı ilə də söz davasına çıxıb. Bu qalmaqallı hadisədən sonra aprelin 1-də Qabrielyan hadisəyə görə üzr istəməklə yanaşı, deputat mandatından imtina etmək barədə Ermənistan parlamentinin rəhbərliyinə rəsmi müraciət edib.
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası Qabrielyanın mandatdan imtinasını jurnalistin təxribatının nəticəsi kimi dəyərləndirib.
Deputat mandatından imtina etdiyini elan edən Qabrielyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının proporsional siyahısında olan növbəti namizədlə əvəzlənəcək.
“Armenpress”in məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasının siyahısında növbəti yerdə Arşak Orduxanyandır.
Ermənistan parlamentinin reqlamentinə görə, deputat bir həftə müddətində öz bəyanatını geri götürmədikdə parlament onun səlahiyyətlərinə xitam verən protokol dərc edir.