"Milli mətbəx yalnız folklor, ədəbi, tarixi nümunə deyil, hərtərəfli təhlil olunmalıdır. Əgər paxlava, şəkərbura kimindirsə, muğam onundur. Bozbaş, bozartma kimindirsə, saz onundur. Çünki muğam ifa olunanda siz ət yeyə bilməyəcəksiniz, getməyəcək. Bu kökdən, şüuraltından gələn hadisədir".
Gündəmtv.Az xəbər verir ki, bunu tanınmış kulinar Tahir Əmiraslanov söyləyib.
Mütəxəssis vurğulayıb ki, mətbəx çox gözəl silahdır və təbliğat vasitəsidir: "Məsələn, mən bu gün bir dənə yemək yaradıram, çömçə fırladan babayam, Azərbaycan dilini dərindən bilmirəm, fars və ya ərəb dilindən dilimizə gələn sözlə ona ad qoyuram. 50 ildən sonra ərəb deyir ki, bu mənim xörəyimdir, çünki adı ərəbcədir. Xörəyin milli identifikasiyası məsələsi öz yerini tapmalıdır. Rus sosioloq alim Kozlov deyir ki, millətlərin yoxa çıxması milli mətbəxin aşınmasından başlayır. Bu gün mətbəximizdə ciddi aşınmalar baş verir. Bunun üçün bir ayrıca tədqiqat mərkəzi və ya institutu yaradılmalıdır. Bir tarixçi alim deməlidir ki, bu xörək niyə yaranıb. Dilçi alim adının təhlilini verməlidir. Fizik alimi bişirilən qazanda əmələ gələn istilik proselərini, kimyaçı tərkibin dəyişməsini, həkim hansı xəstəlikdə lazım olduğunu, bir din xadimi onun dində olan yerini və s. müəyyənləşdirməlidir".
T.Əmiraslanov qeyd edib ki, xörəyin elementləri təkcə reseptlərdən ibarət deyil, bu, tarixdir, dildir: “Azərbaycan mətbəxinin mənəvi tərəfi sufi, İslam, qədim atəşpərəstlik təsiri ilə formalaşıb. Xörəklərin hər birinin mənası var – paxlavanın da, şəkərburanın da və s. sokral dünyada yeri var. Məsələn, adıçəkilən təamlar satıla bilməz. Çünki bu, birbaşa qadınlıqla, namus anlayışı ilə bağlıdır".