Son günlər ölkəmizdə kərə yağının keyfiyyətsiz və yararsız olması ilə bağlı xəbərlər geniş müzakirə olunur. İnsan sağlamlığı üçün vacib olan bu məhsulun keyfiyyətsizliyi ciddi narahatlıq doğurur. Bəs kərə yağı alarkən nələrə diqqət etməliyik və zərərli yağların orqanizmə təsiri nədir?
Mövzu ilə bağlı Ölkə.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, kərə yağları ilə bağlı məsələlər həmişə müzakirə obyekti olub:
“Bildiyimiz kimi, kərə yağları süddən istehsal olunur. Ən əsası kərə yağlarının tərkibi qatqısız olmalıdır. Birinci növbədə kərə yağları südün yağlılığı separatordan alınmadan istehsal olunmalıdır. Amma bəzən südün yağlılığını aldıqdan sonra həmin süd qalığının üzərinə müxtəlif bitki mənşəli, bitki tərkibli yağlar əlavə olunur və ondan kərə yağı istehsal olunur. Nəticədə artıq burada kərə yağından danışmaq mümkün deyil. Yalnız qatqılı, yəni spret, bitki tərkibli yağdan danışmaq olur. Bir də məsələ yağların qiymət məsələsidir. Alıcıları diqqətli olmağa çağırıram. Ümumiyyətlə, yağların qiyməti əsas müzakirə olunan məsələlərdəndir. Çünki kiloqramı 4.50 azn, 5.5 azn, 7-8 azn-a təklif olunan yağ kərə yağı ola bilməz. Bu, bitki tərkibli yağdır. Bu yağlara isə müxtəlif kimyəvi rəngləndiricilər, dadlandırıcılar vurulur. Həmin yağlar ürək-damar xəstəliyindən əziyyət çəkən, mədəaltı vəzində, mədədə problemi olan insanlarda öz fəsadlarını göstərir. Həmçinin damar tıxanıqlığı, yəni tromplaşmanın birinci yaradan səbəblərdən biri qatqılı yağlardır”.
Ekspert insanları diqqətli olmağa çağırıb:
“Vətəndaşlarımıza üzərində markası olan, istehsalçının ünvanı, onun haqqında ətraflı məlumat, tərkibi göstərilən məhsulları almağı tövsiyə edirəm. Məhsulları alarkən birinci növbədə onun dadından, vizual görünüşündən, rəngindən, qoxusundan ayırd etmək olur. Təmiz kərə yağından süd qoxusu gəlir və təmiz kərə yağı insanın ağız istiliyində əriyir. Eyni zamanda təmiz kərə yağı insanın əl istiliyində belə əriyir. Bir hissə kərə yağını isti suyun içinə atsaq, görərik ki, bu zaman həmin kərə yağı yağ təbəqəsi formasında suyun üzərinə çıxır. Lakin qatqılı, yəni bitki tərkibli və müxtəlif kimyəvi tərkiblərdən ibarət olan yağsa kütlə formasında həmin o suyun dib hissəsinə çökmüş olur.
Bu günləri yerli istehsal edən istehsalçılarımız var ki, məhsullar istehsal edirlər. Lakin müxtəlif reklamlar vasitəsilə xarici şirkətlərin məhsulları bazarda kərə yağı adı altında satışı təşkil olunur. Amma bizim yerli istehsalımız var, onlara meydanı buraxmaq lazımdır”.