Ermənistanın müxalif parlament fraksiyası - "Şərəfim var" baş nazir Nikol Paşinyana qarşı impiçment prosesini başlatmağa və bu posta Masis şəhərinin meri David Ambartsumyanın namizədliyini irəli sürməyə qərar verib.
"Gündəmtv.az" TASS-a istinadən xəbər verir ki, bu barədə fraksiyanın bəyanatında deyilir.
Məlumata görə, "Şərəfim var" fraksiyası parlamentdə 6 yerə malikdir. Lakin təşəbbüsün qanunverici orqanın gündəliyinə daxil edilməsi üçün 36 səs tələb olunur. Respublikanın ikinci prezidenti (1998-2008) Robert Koçaryanın müxalifətdəki "Ermənistan" fraksiyası artıq bəyan edib ki, 8 səs toplanarsa, bu sənədin altına 28 imzanı qoymağa hazırdır. Ermənistan parlamentində, həmçinin Paşinyanın "Vətəndaş müqaviləsi" fraksiyasından çıxmış 2 deputat var, lakin onlar artıq bəyan ediblər ki, ölkənin üçüncü prezidenti (2008-2018) Serj Sarkisyan və ya Koçaryanla əlaqələndirilən namizədə səs verməyəcəklər.
Təşəbbüs parlamentin gündəliyinə daxil edilsə belə, baş nazirin dəyişdirilməsinə nail olmaq üçün 54 səs lazım olacaq.
Daha əvvəl bildirilmişdi ki, Ermənistan Respublikaçılar Partiyası (ERP) Nikol Paşinyanın impiçmenti prosesi çərçivəsində baş nazir vəzifəsinə partiyanın sədr müavini Armen Aşotyanın namizədliyini irəli sürəcək.