Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 min 658,5 ton kolbasa məmulatları istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % azalma qeydə alınıb. Bununla paralel son iki ayda ölkəyə idxal olunan kolbasa məmulatları 10 faizə yaxın artıb. Bəs görəsən, kolbasa məmulatlarının istehsalı niyə azalıb?
Mövzu ilə bağlı iqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, kolbasa istehsalının azalmasına bir neçə mümkün səbəb təsir edə bilər. Bu cür azalmaların səbəbləri adətən bir neçə istiqamətli olur.
“Burada 3 əsas amili qeyd edə bilərəm;
1.Xammal qiymətlərinin artması – Ət məhsullarının qiyməti, xüsusən də mal və toyuq ətinin bahalaşması istehsal xərclərini artırır. Bu da bəzi yerli istehsalçıların istehsal həcmini azaltmasına səbəb ola bilər.
2.İdxalın artması – Göstərildiyi kimi, son iki ayda kolbasa idxalında 10%-ə yaxın artım müşahidə olunub. Bu da daxili bazarda rəqabəti artırır və yerli istehsalçıların bazar payını azaldaraq istehsalı məhdudlaşdırır.
3. Tələb-təklif balansı – Əgər əhali arasında kolbasa məhsullarına tələbatda azalma varsa (məsələn, sağlam qidalanma trendi və ya digər alternativ qidaların yayılması səbəbilə), bu, istehsalın aşağı düşməsi deməkdir.”