Bəzi idmançılar və məşqçilər yay aylarında hava şəraiti ilə əlaqədar bir çox idman növləri ilə intensiv məşğul olmamağı tövsiyə edir. Buna səbəb kimi isti havada bədənin həddən artıq maye itirməsi və əzələlərin tez yorulması göstərilir. Xüsusən döyüş və güc əsaslı idman növlərində bu problem özünü daha qabarıq şəkildə göstərir.
Görəsən, idmançılar yay aylarında hansı nüanslara diqqət etməlidir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan sambo üzrə beynəlxalq dərəcəli idman ustası Azad Məmmədov bildirib ki, idmançıların yay aylarında adətən günün səhər və axşam saatlarında məşq etməsi tövsiyə olunur:
“Bu müxtəlif idman növlərinə görə dəyişir. Məsələn, günün isti vaxtlarında məşq etmək bədənə ziyandır. Amma səhər saatlarında və günortadan sonra məşq etmək zərərli deyil. Düzdü, mən bunun tibbi tərəflərini tam dəqiq bilmirəm. Amma mən bir idmançı kimi, tələbələrimə daha çox günün səhər və axşam saatlarında məşq etməyi tövsiyə edirəm. Məşqlər səhər tezdən 9-10 arası və axşam saat 7-dən sonra olsa daha effektiv olar”.
Azad Məmmədov bu aylarda qidalanma və maye qəbulunun da olduqca vacib olduğunu qeyd edib:
“Yay aylarında daha çox su idman növləri ilə məşğul olmaq daha yaxşıdır. Misal üçün, güc tələb edən güləş, cüdo kimi idman növləri ilə məşğul olan idmançılar zamanından və saatıdan asılı olmayaraq, daha çox ət və kalorisi yüksək olan qidalardan istifadə etməlidir. Bu yay və qışdan asılı olmayaraq, idmançılar üçün olduqca vacibdir. Çünki onlar daha çox enerji xərcləyir və orqanizm bunu bərpa etməlidir. Maye qəbulu isə gündəlik minimum 3-5 litr olmalıdır”.