Azərbaycanda yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər üçün nizamnamə kapitalının minimum 50 min manat məbləğində müəyyən edilməsi təklif olunur.
Bunu “Report”a açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının Nəqliyyat və Logistika Müəssisələri Komissiyasının sədri Kamran Həbibov bildirib.
Onun sözlərinə görə, hazırda “Nəqliyyat-ekspeditor fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində iş aparılır: “Sahibkarlar beynəlxalq təcrübəyə əsaslanaraq təklif edirlər ki, logistika zəncirinin bütün iştirakçıları - o cümlədən anbarlar, beynəlxalq və yerli avtodaşıyıcılar, nəqliyyat-ekspeditor şirkətləri - icbari məsuliyyət sığortasına cəlb olunsun. Eyni zamanda bu sahədə fəaliyyət göstərən şirkətlər üçün nizamnamə kapitalına dair xüsusi tələblər müəyyən edilsin. Qanun layihəsinin hazırlanmasında iştirak edən sahibkarlar hesab edirlər ki, bu, Azərbaycanda logistika sektorunun inkişafına təkan verəcək”.
K. Həbibov qeyd edib ki, yeni qanun çərçivəsində şirkətlər üçün nizamnamə kapitalının minimum 50 min manat müəyyən olunması təklif edilir:
“Hazırda bu sahədə fəaliyyət göstərən bir çox şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Bu, əvvəllər biznesin təşviqi baxımından məqsədəuyğun idi. Lakin indi risklərə əsaslanaraq, fəaliyyət növlərinə uyğun tələblər qoyulmalıdır. Həmçinin bu, tibb mərkəzlərinə də aiddir, onların da nizamnamə kapitalı 10 manat təşkil edə bilməz. Məsələn, bankların və sığorta şirkətlərinin nizamnamə kapitalının yüksək olması həmin sahələrdəki risklərlə bağlıdır. Yükdaşıma sektoru da riskli sahədir və beynəlxalq təcrübədə, məsələn, Avropa İttifaqı ölkələrində minimum nizamnamə kapitalı 25 min avro təşkil edir”.