Yeni araşdırmaya görə, gündə 10 saat və ya daha çox hərəkətsiz qalmaq müntəzəm idmanla məşğul olan insanlarda belə ürək çatışmazlığı riskini artırır.
Gündəmtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-dakı Massaçusets General Hospital tərəfindən aparılan araşdırma göstərib ki, uzun müddtəli hərəkətsizlik ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə gücləndirir.
Həftədə 150 dəqiqə orta-şiddətli fiziki aktivlik tövsiyə olunsa da, hərəkətsizliyin ürək sağlamlığına təsiri çox vaxt nəzərə alınmır.
Araşdırma JACC adlı akademik jurnalda dərc edilib. Tədqiqatda Böyük Britaniya Biobankının məlumat bazasında 90 min iştirakçının sağlamlıq göstəriciləri qiymətləndirilib. İştirakçılar biləyə taxılan akselerometr vasitəsilə 7 gün boyunca izlənilib. Orta yaşı 62 olan iştirakçıların 56%-i qadın olub və onların gündəlik hərəkətsiz qalma müddəti təxminən 9,4 saat təşkil edib.
Kritik hədd: Gündə 10,5 saat hərəkətsizlik
Tədqiqat nəticələrinə əsasən, atrial fibrilasiya (AF), miokard infarktı (MI) və ürək çatışmazlığı (ÜÇ) kimi ürək xəstəliklərinin riski hərəkətsizlik müddətinin artması ilə yüksəlir. Xüsusilə, hərəkətsizlik müddəti gündə 10,5 saatı keçdikdə ÜÇ və ürək xəstəlikləri riski kəskin artır.
Araşdırmada həftəlik 150 dəqiqə fiziki aktivlik tövsiyələrini yerinə yetirən şəxslərdə AF və MI riskinin azaldığı qeyd olunsa da, ÜÇ və ürək xəstəliklərindən ölüm riski yüksək olaraq qalır. Bu nəticələr göstərir ki, hərəkətsizliyin azaldılması fiziki aktivlik qədər əhəmiyyətlidir.
Hərəkətsizliyə qarşı mübarizə çağırışı
Araşdırmanın həmmüəllifi Şan Xurşid hərəkətsizliyi azaltmağa yönəlmiş ictimai sağlamlıq siyasətinin vacibliyini vurğulayıb. O bildirib ki, gündə 10,6 saatdan çox hərəkətsiz qalmamaq ürək sağlamlığı üçün minimal məqsəd olmalıdır.
Braun Universitetinin Ailə Həkimliyi Bölməsindən Çarlz İton isə hərəkətsiz həyat tərzinin sağlamlığa təhlükələri barədə güclü sübutlar təqdim edən bu araşdırmanın əhəmiyyətini vurğulayıb: “Daha yaxşı sağlamlıq üçün insanları daha çox hərəkət etməyə təşviq etməliyik”.
Alimlər araşdırmada istifadə olunan akselerometrlərin bəzən duruşu düzgün təyin edə bilməməsi kimi məhdudiyyətlərə diqqət çəkiblər. Bununla belə, tədqiqat hərəkətsiz həyat tərzi ilə ürək sağlamlığı arasındakı güclü əlaqəni təsdiqləyən vacib bir addım kimi qiymətləndirilir.