Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında münasibətlərdə yeni mərhələ açılıb.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
MM üzvü qeyd edib ki, ikitərəfli görüş və Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektri müzakirə edilib: "Dövlət başçıları münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədilər.
Bakıda imzalanan yeni sənədlər yeni əməkdaşlıq istiqamətlərini əhatə edir. Məlum olduğu kimi, ölkələrimiz iki il əvvəl müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb. Müttəfiqlik Bakı ilə Daşkənd arasında qarşılıqlı etimadın artmasının nəticəsidir. Bu vaxta qədər Özbəkistan Mərkəzi Asiyanın bütün ölkələri ilə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Müttəfiqlik sazişi isə region dövlətlərindən yalnız Qazaxıstan və Tacikistanla mövcud idi. Ötən il Azərbaycan da bu siyahıya daxil olub. Beləliklə, Azərbaycan və Özbəkistan müttəfiqlik münasibətləri beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyət və qarşılıqlı dəstəklə xarakterizə olunur".
K.Nurullayeva Azərbaycan Özbəkistan tərəfindən Cənubi Qafqazın ən etibarlı nəqliyyat qovşağı kimi nəzərdən keçirildiyini vurğulayıb: "Bu mənada rəsmi Daşkənd Avropa və Yaxın Şərqlə ticarəti inkişaf etdirmək üçün Azərbaycan infrastrukturundan istifadə etməkdə maraqlıdır. Bakıda aparılan müzakirələrdə də nəqliyyat sahəsində əməkdaşlıq prioritet olub. Hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasında maraqlı olduğunu bir daha bəyan edib. Mövcud və gələcək nəqliyyat infrastrukturu qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə platforma yaradacaq və qitənin əsas regionlarının əlaqəsini gücləndirəcək".
O əlavə edib ki, bu vaxta qədər ölkələr arasında imzalanmış bütün saziş və sənədlərin icrasının dövlət başçılarının nəzarətində olması, ikitərəfli əməkdaşlıq əlaqələrinin səmərəli aparılmasına, çoxtərəfli tərəfdaşlığın mühüm sahələrinin inkişafına səbəb olacaq.