Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi münasibətlər müsbət istiqamətdə inkişaf edir.
Bu barədə “Report”un sualını cavablandırarkən Qazaxıstan Xarici Ticarət Palatasının sədr müavini Asan Cakişev Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 6-cı biznes forumu çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qarşılıqlı fəaliyyətin əsas istiqamətləri qida sənayesi, aqrar-sənaye kompleksi və energetika olaraq qalır.
"Bu sahələr iqtisadi əlaqələrimizin əsasını təşkil edir. Eyni zamanda, yeni istiqamətlərə, xüsusilə də informasiya texnologiyalarına artan maraq müşahidə edirik", - A.Cakişev qeyd edib.
O vurğulayıb ki, Qazaxıstan rəqəmsallaşma sahəsində əhəmiyyətli potensiala malikdir və Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya ölkələrini bu sahədə əməkdaşlığı gücləndirməyə çağırır.