Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
Gündəmtv.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hoteldə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, “Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.
Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam edən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.
Gündəmtv.az xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verdi.
İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan “Zəngilan” Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən “Cahangirbəyli” SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. “Şayıflı” və “Zəngilan” SES-lər açılışa hazır vəziyyətə gətirilib, “Sarıqışlaq” SES-də isə işlər başa çatdırılıb.
Bildirildi ki, Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Ümumi uzunluğu 83 kilometr olan və 36 kilometrlik hissəsi Ermənistan ərazisindən keçən çaya mütəmadi olaraq Qacaran, Zəngəzur mis-molibden, Qafan dağ-mədən kombinatlarının ağır metal tərkibli mədən tullantıları axıdılır. Bu amillərə görə Oxçuçayın üzərində baş suqəbuledicinin yaradılması enerji istehsalından əlavə, ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Belə ki, baş suqəbuledicinin tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım edəcək. Çünki suqəbuledicinin yaradılması çirkləndirici maddələrin çökməsinə şərait yaratmaqla yanaşı, aşağı axın zonasına təmiz suyun ötürülməsinə və çay ekosisteminin özünübərpasına zəmin yaradır. Eyni zamanda, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün suqəbuledicinin yaradılması olduqca əhəmiyyətli hadisədir. Ona görə də burada dib sutullayıcı, suaşıran, lil ötürücü və balıq vətəgə qurğuları yaradılıb. Baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılaraq kaskad üsulla tikilən SES-lərə giriş-çıxış olmaqla ümumilikdə 23,5 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib və borudan çıxan su təkrar çaya buraxılır.
Qeyd edildi ki, Oxçuçay üzərindəki SES-lərin tikilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının əməkdaşlarının, elm adamlarının, media və QHT-lərin nümayəndələrinin iştirakı ilə açıq ictimai dinləmələr keçirilib və layihəyə yüksək qiymət verilib.
Diqqətə çatdırıldı ki, hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan “Zəngilan” və “Şayıflı” SES-lər üçün maşın zalları tikilib. Çətin iqlim və sərt relyefli ərazidə yerləşməsinə baxmayaraq, burada böyük həcmli torpaqlama, betonlama və digər işlər həyata keçirilərək sıfırdan yeni SES-lər tikilib. İstər derivasiya boruları çəkilərkən, istər maşın zalı tikilərkən, istərsə də digər quraşdırma işləri aparılarkən layihəyə uyğun olaraq ekoloji normalara riayət edilib. Maşın zallarının hər birində dörd yaşıl sertifikatlı Avropa istehsalı olan iki ekoturbin və generatorlar quraşdırılıb. Bu turbinlər çayda su azaldıqda ekoloji normaların qorunması üçün avtomatik özünü dayandırmaq, suyun keyfiyyətinə təsir etmədən istiqamətləndirici aparat vasitəsilə yağ və digər zərərli maddələrin suya qarışmasının qarşısını almaq qabiliyyətinə malikdir.
Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Zəngilan” və “Şayıflı” SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunub. Bunun üçün mikro SCADA sistemi yığılıb, 25 kilometr məsafədə yüksəkgərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilib. “Zəngilan” və “Şayıflı” SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.
Dövlətimizin başçısı “Zəngilan” və “Şayıflı” SES-lərin tikintisindən və yaradılan şəraitdən bəhs edən videoçarxa baxdı.
Prezident İlham Əliyev stansiyaları işə saldı.
Məlumat verildi ki, bu günə qədər “AzərEnerji” ASC tərəfindən Zəngilan rayonunda 30 nəfər əsasən yerli sakin daimi işlə təmin edilib. Ümumilikdə, işğaldan azad edilən ərazilərdə indiyədək Prezident İlham Əliyevin məşğulluq və məskunlaşma siyasətinə uyğun olaraq “AzərEnerji” tərəfindən 400-ə yaxın daimi iş yeri yaradılıb. Yaxın gələcəkdə 10-dan artıq Kiçik Su Elektrik stansiyalarının (KSES) istismara verilməsi və əlavə KSES-lərin tikintisinə başlanılması ilə işçi sayı 550-ni keçəcək. İşçilərin 70 faizi məhz işğaldan azad edilən rayonların sakinləridir.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında “AzərEnerji” ASC tərəfindən iki yeni müəssisə - “Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC yaradılıb. İşəgötürmə zamanı, ilk növbədə, “AzərEnerji” ASC-də hazırda işləyən keçmiş məcburi köçkünlər arasından seçim edilib. Eyni zamanda, regionlarda məskunlaşdırılan sakinlərin işə cəlb edilmələri zamanı peşəsi olmayan kadrlar üçün təlimlər keçirilib, sertifikatlaşdırılma aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.
Gündəmtv.az xəbər verir ki, dövlət başçısına qəsəbənin baş planı üzrə görüləcək işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, layihələndirilən ərazi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayın sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir.
Qəsəbənin sahəsi 301,51 hektardır. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. Belə ki, qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub. Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur.
Prezident İlham Əliyev Mincivan qəsəbəsinin təməlini qoydu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
Gündəmtv.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.
Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.
Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb. Eyni zamanda, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı aşkar edilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq.
Dövlətimizin başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verildi.
Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuz illik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb.
Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Sonra Prezident İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu.