“Havanın qəfil soyuması orqanizm üçün ciddi stress yarada bilər. Bədən temperaturunu sabit saxlamaq üçün əlavə enerji sərf olunur, bu isə immun sisteminin zəifləməsinə səbəb olur. Belə havalarda ən çox rast gəlinən hallar arasında soyuqdəymə, qrip, boğaz ağrısı və oynaqlarda ağrılar var”.
Gündəmtv.az xəbər verir ki, bu sözləri tibb üzrə ekspert Könül Oruc deyib.
Onun sözlərinə görə, əsas təsirlərdən biri damarların daralmasıdır:
“Bu, xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün risklidir. Qəfil soyuyan hava qan təzyiqini artıraraq infarkt və insult riskini yüksəldə bilər. Eyni zamanda, hava dəyişiklikləri nəfəs yollarına da təsir edir. Astma və bronxit kimi xroniki xəstəlikləri olanlar bu dövrdə daha çox ehtiyatlı olmalıdırlar”.
Ekspert bu cür havalarda nə etməli olduğumuzu da qeyd edib:
“Bədəni qorumaq üçün uyğun geyim seçmək, kifayət qədər maye qəbul etmək və immun sistemini gücləndirən qidalarla qidalanmaq tövsiyə olunur. Havanın dəyişməsinə uyğun şəkildə həyat tərzinə kiçik düzəlişlər etmək sağlam qalmağın açarıdır”.