"Belarusa gedərkən məqsədim orada yaşayan qohumlarla görüşmək, uzun illərin ayrılığından sonra doyunca dərdləşmək və dünyasını dəyişmiş yaxın qohumumun məzarını ziyarət etmək idi. Amma qonaq olduğumuz şəhərdəki müxtəlif muzeyləri, tarixi abidələri gördükcə onlarla yaxından tanış olmaq qərarına gəldim".
Bu fikirləri Gündəmtv.az-a açıqlamasında Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov səsləndirib.
O bildirib ki, yəhudi xalqının soyqırımını və bu millətin başına gətirilən faciələri özündə əks etdirən “Yəhudi Müqavəməti” adlı muzeydə olub və burada söhbət əsnasında erməni vandalları tərəfindən Qərbi Azərbaycanda, Xocalıda və digər torpaqlarımızda xalqımızın başına gətirilən müsibətləri göz önündə canlandırıb:
"İki xalqın üzləşdiyi bu soyqırım bizi birləşdirən həssas nöqtədir. Yəhudi əsirlərinin işgəncələrə məruz qaldığı düşərgədə salınan bu muzey onların yaşadığı faciədən xəbər verir. Bu mənzərə mənə tanışdır, çünki hər bir Qərbi azərbaycanlı kimi bu soyqırımı mən də yaşamışam. Mənim də yaxınlarım, qohumlarım erməni vəhşiliyinin qurbanı olub. Ailəm isə isə öz doğma elindən, isti ocağından qovularaq qaçqın həyatı yaşayıb. Erməni vəhşiliyi ilə bağlı fikirləri və başımıza gətirilən faciələri, Qərbi azərbaycanlıların soyqırıma məruz qalmasını və doğma yurdlarından deportasiya olunmasını məhdud vaxt kəsiyində oradakı insanların nəzərinə çatdırmağa çalışdım. Muzeyin xatirə dəftərinə qısa da olsa xatirələrimi və ürək sözlərimi yazdım. Qərbi Azərbaycan İcmasının nişanını muzeyin fonduna hədiyyə etdim".
Ramiz İsmayılov bildirib ki, qonaq olduğu şəhərdə qarşısına çıxan ilk kilsəyə daxil olub və oranın keşişi ilə söhbətləşib:
"Kilsənin keşişi ilə qısaca söhbət əsnasında bir məqamı xatırlatmağı özümə borc bildim. İstər müsəlmanların, istərsə də xristianların müqəddəs kitabında “öldür, məhv et” tezisi yoxdur. O zaman xristian dinindən olan ermənilərin Azərbaycan xalqına qarşı olan bu nifrəti haradan qaynaqlanır? Kilsənin keşişinə ünvanladığım bu sual onu dərin düşüncələrə qərq etdi. Əvvəllər yazdığım “Erməni kilsəsinin antisülh bəyanatı” məqaləsinin rus dilində olan tərcüməsini keşişə verdim və onu öz düşüncələri ilə baş-başa buraxaraq kilsədən uzaqlaşdım. Belarusdan ayrılarkən bir fikiri özümdə yəqinləşdirdim. Xalqımızın başına gətirilən işgəncələri, soyqırımları, həqiqətləri yorulmadan dünyaya və dünya xalqlarına çatdırmağa davam etməliyik. Bəlkə bu zaman ermənilərə havadarlıq edən riyakar qüvvələr onların törətdikləri vəhşilikləri, təkcə türklər üçün yox, həm də bütün bəşəriyyətə təhlükə saçdıqlarını görə bildilər".