Azərbaycanda ötən ilin payızından müşahidə edilən dollara tələbatın artması prosesi davam edir. Belə ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında ümumilikdə banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb.
Gündəmtv.az"Yeni Müsavat”a istinadən xəbər verir ki, satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında keçirilən valyuta hərraclarında banklara cəmi 1 milyard 492.4 milyon ABŞ dolları satılıb. May ayında keçirilən 7 valyuta hərracında isə valyuta satışının məbləği 558.6 milyon dollar təşkil edib. Bu da ötən ilin may ayındakı satışlardan 2 dəfə yüksəkdir.
Azərbaycanda əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi də kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931.3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz (2 dəfə) artım deməkdir. Aylar üzrə götürsək, 2024-cü ilin yanvarında əhali banklardan 211.5 milyon dollar, fevralında 499.58 milyon dollar, martında isə 220.21 milyon dollar nağd alış edib. 2023-cü ilin ilk rübündə əhali banklardan nağd 439.78 milyon dollar əldə etmişdi.
Birinci rübdə həmçinin bankların əhalidən dollar alışında azalma var. Belə ki, rüb ərzində banklar əhalidən 351.27 milyon dollar alıb. 2023-cü ilin eyni dövründə alışların həcmi 367.96 milyon dollar olmuşdu. Göründüyü kimi, bu ilin birinci rübündə banklardan əhaliyə 580.02 milyon ABŞ dolları axın olub.
Qeyd edək ki, AMB hələ mayın əvvəlində dollar tələbin artması prosesinin dayandığını elan etmişdi. Baş bankir Taleh Kazımov bildirmişdi ki, valyuta bazarında müşahidə edilən kəskin artım artıq bitib. Onun sözlərinə görə, ilin əvvəlində xarici valyutaya olan artım dövlət büdcəsinin xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artması ilə əlaqədardır. O bildirib ki, həmçinin bu dövrdə hüquqi şəxslərin avans ödənişləri və Azərbaycan iqtisadiyyatına edilən investisiyalar artıb: "Həm büdcə xərclərinin, avans ödənişlərinin, həm də investisiyaların artması xarici valyutaya tələb yaradıb. Bu sadaladığım amillərdən başqa valyutaya tələbin artmasına subyektiv yanaşma da təsir göstərib. Hal-hazırda valyuta bazarında vəziyyət sabitdir və bazarda olan tendensiya ötən ilin eyni dövrü ilə müqayisədə eynidir”.
Lakin mayın yekununda məlum oldu ki, dollar tələb ötən ilkindən iki dəfə çox olub. Doğrudur, AMB dollar tələbin artmasının valyuta bazarında ciddi çətinlik yaratmayacağı qənaətindədir və bunu ölkəyə yetərincə xarici valyuta axınının olması ilə əsaslandırır. Lakin ixracın azalması, idxalın azalması prosesinin getdiyini nəzərə alsaq, gərginliyin yaranacağını da istisna etmək mümkün deyil. Rəsmi statistikaya əsasən 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 13 milyard 633,4 milyon ABŞ dolları təşkil edib. "Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azalma deməkdir.
Dörd ayda Azərbaycan xaricə 8 milyard 168 milyon 591.68 min dollarlıq mal və məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixracımızın 4 milyard 416 milyon 221.26 min dollar və ya 36,1 faiz azalması deməkdir.
İxracdan fərqli olaraq, idxalımız artıb. Belə ki, dörd ayda xaricdən 5 milyard 464,7 milyon ABŞ dolları dəyərində mal-məhsul almışıq. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3,1 faiz artım deməkdir. Beləliklə, hesabat dövründə xarici ticarət dövriyyəsində 2 milyard 703,8 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır.
Cari ilin 4 ayında ümumi ixracımızın 7 milyard 248 milyon 577.70 min dollarını neft-qaz sektoruna, 920 milyon 13.98 min dollarını isə qeyri-neft-qaz sektoruna daxil olan mallar təşkil edib. Neft-qaz ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz və ya 4 milyard 149 milyon 16.58 min dollar, qeyri-neft ixracımız isə 22,5 faiz və ya 267 milyon 204.68 min dollar azalıb.
Onu da bildirək ki, bu ilin əvvəlindən ölkəyə fiziki şəxslər tərəfindən göndərilən valyutanın həcmi də azalıb. AMB-nin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 465.2 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 129 milyon manata bərabər olub. Ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 30.9 faiz və ya 207.6 milyon manat, banklardan xaricə köçürmələr isə 26.2 faiz və ya 45.8 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 3 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 672.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174.8 milyon manat təşkil edib.
İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, dollara tələbin artmasına səbəb olan amillər çoxdur: "Lakin bunlar arasında ən böyük təsirə malik olan 3 amil var. Bunlardan birincisi idxalın artmasıdır. İkincisi isə ilin əvvəlindən devalvasiya olacağına dair yanlış məlumatların yayılmasından yaranan psixoloji amildir. Bu amil əhalinin əlindəki manatı dollara çevirməsi ilə nəticələndi. Üçüncü və daha güclü amil işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləridir. Ötən il də, bu il də bərpaya ayrılan vəsaitlər artırılır. Azad olunan ərazilərdə həyata keçirilən tikinti, bərpa işləri daha çox xaricdən olunan xammal hesabına həyata keçirilir. Layihələri icra edənlərin çoxu xarici şirkətlərdir. Bu, idxalın artmasına, daha çox dolların tələb olunmasına səbəb olur. Buna görə də dollara tələbin artmasını ajiotaja çevirməyin tərəfdarı deyiləm”.
E.Əmirov hesab edir ki, ən azı bu il ərzində Azərbaycanda devalvasiya olmayacaq.