Bu gün respublikanın bölgələrində ilkin tibbi xidmət məntəqələrinin vəziyyəti çox acınacaqlı və bərbad vəziyyətdədir.
Gündəmtv.Az xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün 2025-ci il büdcəsinin müzakirəsi ilə bağlı keçirilən birgə iclasında çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, istər özü bölgələrdə olanda, istərsə də deputat həmkarlarına bununla bağlı müraciətlər olub. “Özüm şəxsən bir neçə ilkin tibbi məntəqədə olmuşam. Orada ürəkağrıdan mənzərə ilə üzləşmişəm. Vəziyyət bərbad və acınacaqlıdır. Bir çoxunda heç tibbi avadalıq yoxdur, olanı isə sovet dönəmindən qalmadır. Binaları uçub dağılır”,- komitə sədri bildirib.
Bölgələrdə tibbi kadr probleminə toxunan komitə sədri deyib ki, ciddi çatışmazlıqlar var. “Elə rayon var ki, orada 100-dən artıq həkim çatmır. Bu problem həllini tapmalıdır. Məsələ ilə bağlı məsləhətləşmələr aparılır. Bunun səbəblərindən biri 65 yaşı tamam olan gün həkimin pensiyaya göndərilməsidir. Əgər həkim çatışmırsa, onda onların pensiyaya göndərilməsinə nə ehtiyac var? Bəzi dövlət qurumlarında müzakirələrdə deyirlər ki, Bakıda pensiyaya çıxan həkimləri bölgələrə göndərək. Bu absurddur”, - deputat qeyd edib.