Onkoloji xəstələrin hələ də icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur.
Gündəmtv.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlament komitələrində 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bu gün ölkədə ölüm səviyyəsinə görə birinci yerdə ürək, damar patologiyası olan xəstələrdirsə, ikinci yerdə onkoloji patoloji xəstələrdir.
“Bir neçə il əvvəl səhiyyə sahəsinə ayrılan vəsait 700-800 milyon manat təşkil edirdisə, indi bu həcm 4 dəfə artaraq haradasa 3,5 milyard manat təşkil edir. Bu vəsaitin ancaq 50 milyonu onkoloji xəstələrə ayrılır ki, bu da yetərincə deyil. Nəticədə onkoloji xəstələrin effektiv müalicə imkanlarından məhrum oluruq. Bunun səbəbini açıqlayanda deyilər ki, onkoloji xəstələrin müalicəsinə böyük vəsait tələb olunur. Hesab edirəm ki, ilkin müalicə üçün onkoloji xəstələrə zəruri olan dərmanların icbari tibbi sığorta zərfinə daxil edilsə yaxşı olar.
Bu məsələ çox uzanır. Artıq bu məsələ öz həllini tələb edir və bu istiqamətdə addımlar atılmalıdır”, - komitə sədri bildirib.