Son günlər istehsalat müəssisələrində tez-tez işçilərin kütləvi şəkildə qida zəhərlənməsi halları baş verir. Buda öz növbəsində insanlar arasında narazılıqlar yaradır.
Mövzu ilə bağlı qida üzrə mütəxəssis İlkin Şirinov İnterpress.az-a açıqlamasında maraqlı məqamlara toxunub.
O, istehsalat müəssisələrində işçilərin müəssisədaxili yeməkxanalarda yeməklərin hazırlanmasında və ərzaqların saxlanılmasında ciddi problemlərin olduğunu vurğulayıb.
“Nəzarətdən kənarda qalan müəssisə yeməkxanaları əsl təhlükə mənbəyinə çevrilib. Əslində isə bu cür yeməkxanalarda mütəmadi olaraq monitorinqlər təşkil olunmalı və hazırlanan yeməklərdə istifadə olunan məhsulların baytarlıq sənədləri yoxlanılmalıdır.
Bu cür müəssisələrdə qida məhsullarının saxlanıldığı anbarların vəziyyəti, ət və ət məhsulları saxlanılan soyuducuların vəziyyətinin standartlara uyğun olub-olmaması sual altındadır.
Mütləqdir ki, insanların kütləvi çalışdığı istehsalat və iaşə müəssisələrində hazırlanan yeməklər keyfiyyətli məhsullardan hazırlansın. Kimyəvi məhsullar istehsal edən müəssisələrdə isə mütəmadi olaraq, işçilərə süd və qatıq məhsulları verilməlidir.
Bu cür müəssisələrin mətbəxlərinin bərbad vəziyyətdə olması, məhsul saxlanan anbarların standartlara uyğun olmaması birbaşa saxlanılan qidanın keyfiyyətinə təsir edir. Bu cür negativ hallarla mübarizə isə birbaşa AQTA əməkdaşlarının vəzifə borcudur”, – mütəxəssis qeyd edib.
Xatırladaq ki, İyulun 10-da Sumqayıt şəhərində yerləşən müəssisələrin birində 53 nəfər əməkdaşın nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.