
Aprelin 9-dan etibarən Ermənistan və İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin Azərbaycan sərhədinə yaxın bir ərazidə birgə təlimlər keçirir. Ermənistanla İran arasında davamlı olaraq hərbi təlimlər keçirilsə də, lakin uzun müddət idi ki, xüsusi təyinatlıların iştirakı ilə birgə təlimlər keçirilmirdi. İlk baxışda bu təlimi iki ölkə arasındakı hərbi əməkdaşlıq və hər hansı üçüncü tərəfə yönəlməməsi kimi dəyərləndirilə bilər. Lakin bölgədəki mövcud geosiyasi prosesləri, xüsusən də Ermənistanın son günlərdə Azərbaycanla şərti sərhəddə təxribatlara əl ataraq vəziyyəti gərginləşdirdiyi bir zamanda, həmçinin İran prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Azərbaycan səfəri ərəfəsində iki ölkənin xüsusi təyinatlılarının birgə təlimlərin keçirməsini heç də təsadüfi olduğunu və bunun vasitəsilə hansısa mesajların verildiyi düşünməmək sadəlöhvlük olardı. Ermənistan Müdafiə Nazirliyinin təlimlərdə simulyasiya edilmiş terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə hücumunun zərərsizləşdirilməsi üzrə hərəkətlərin daxil edilməsi barədə verdiyi açıqlama bu dediklərimizin sübutudur.
İrəvanla Tehranın birgə keçirdiyi hərbi təlimləri Cənub Qafqazda geosiyasi maraqları olan güclərə, o cümlədən bölgə ölkələrinə verilən mesaj kimi dəyərləndirmək lazımdır.
Birincisi, onu qeyd etmək lazımdır ki, Tehran Cənubi Qafqazda maraqlarını təmin etmək üçün İrəvandan istifadə edib və bu gün də həmin siyasətini davam etdirir. Bu yolla Tehran beynəlxalq aləmə və region ölkələrinə mesaj vermək istəyir ki, ABŞ və İsrailin İrana qarşı basqıları fonunda Cənubi Qafqaz onun üçün prioritetdir və bundan vaz keçmək niyyətində deyil. Tehran hər vasitə ilə bölgədə hərbi-siyasi varlığını qoruyub saxlamağa çalışır.
İkincisi, Tehran İrəvanla birgə hərəkət etməklə Qərbdəki bəzi ölkələrdən, həm də erməni lobbisindən ABŞ və İsrailin İrana qarşı təzyiqləri fonunda müəyyən dəstək almağa çalışır.
Üçüncüsü, Tehran bu təlimlərlə həm də Bakı və Ankaraya da müəyyən mesajlar göndərir. Tehran ən yüksək səviyyədə regional sərhədlərin yenidən cızılmasına və Ermənistanın cənubundan ekstraterritorial dəhlizin açılmasına qarşı olduğunu davamlı olaraq bəyan etməkdədir. Tehran hesab edir ki, bu yolla Ankara və Bakıya təsir etməklə Zəngəzur dəhlizi ilə bağlı planlarından çəkindirə bilər.
Tehranın İrəvanla Azərbaycan sərhədi yaxınlığında keçirdiyi birgə hərbi təlim bölgə ölkələri arasında sülhə, normal qonşuluq münasibətlərinin formalaşmasına deyil, gərginliyin davam etməsinə xidmət edir.
Bu təlimlər, eyni zamanda prezident Məsud Pezeşkianın Azərbaycana səfəri ərəfəsində Bakı-Tehran əlaqələrinin yeni mərhələyə qədəm qoyub, səmimi qonşuluq münasibətləri formatında inkişafına kölgə salır. Lakin Tehran unutmamalıdır ki, üzləşdiyi indiki şəraitdə Bakı ilə qeyri-səmimi rəftarı ilk növbədə İranın milli maraqlarına ziddir. İkitərəfli münasibətlərin normal məcrada inkişaf etməməsindən itirən tərəf daha çox İran olacaq.
Tehran bölgədə maraqlarının təmin olunmasını istəyirsə, o zaman ilk növbədə qeyri-səmimi rəftarından imtina edib Bakı ilə səmimi qonşuluq münasibətlərini bərpa etməlidir. Bu olmadıqca Tehran qazanan yox, itirən tərəf olacaq.
Digər bir məqamı da qeyd etmək lazımdır ki, İrəvanın Tehranla belə sıx hərbi əməkdaşlığı Qərbin, xüsusən də ABŞ-nin yeni administrasiyasının maraqlarına uyğun olmadığından Ermənistan bunun çox ağır bədəlini ödəyə bilər.