Məlum olduğu kimi, bu il noyabr ayının təxminən yarısını bayram və tətil günləri təşkil edir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 8, 9, 10, 11, 12, 13 noyabr ardıcıl qeyri-iş günləri olacaq. Təhsil müəssisələrində isə noyabrın 12-dən 22-dək payız tətili elan olunub.
Həmçinin ölkədə mötəbər COP29 tədbirinin keçirilməsi ilə əlaqədar gələn ay bəzi dövlət qurumlarında işçilərin 70 faizi evdən işləyəcək. Bununla bağlı qurumlara Nazirlər Kabineti tərəfindən müvafiq tapşırıq verilib.
Gündəmtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qeyri-iş günlərinin çoxluğu təbii olaraq noyabrda tətil etmək istəyənlərin sayını artırıb. Artıq sosial şəbəkələrdə həmin günlərdə Bakıda bir çox hotelin dolması ilə bağlı məlumatlar yayılıb. Təklif olunan boş yerlərdə isə gecələmə qiymətlərinin çox yüksək olduğu deyilir.
Bunu nəzərə alaraq bölgələrdəki hotellərdə doluluq səviyyəsi və qiymətlərlə maraqlandıq. Məlum oldu ki, artıq indidən əhali bayram günlərinə rezervasiya etməyə başlayıb.
“Şamaxı Palace” Hoteldə 2 nəfər üçün noyabrın 8-i səhər-axşam qidalanma ilə eyvansız delüks otağın qiyməti 350 AZN təşkil edir. 3 dəfə qidalanma ilə isə bu məbləğ 400 manata başa gəlir. Bir həftə üçün qiymətlər isə müvafiq olaraq 2100-2400 AZN təşkil edir.
Hoteldən, həmçinin bildirildi ki, bu, bayram qiymətləridir və noyabrın 12-dək belə davam edəcək. Həmin tarixdən sonra isə eyvansız delüks otağın bir günlük qiyməti səhər qidalanma ilə 240, səhər-axşam qidalanma ilə 290, 3 dəfə qidalanma ilə isə 340 AZN olacaq.
“Qalaaltı” Hoteldə 8 noyabrda 2 nəfər üçün 3 dəfə qidalanma daxil, qiymət 350 AZN-dir. Hoteldən bildirildi ki, müştərilərə qidalanmasız otaq verilmir. Bir həftəlik 2 nəfər üçün standart paket üzrə qiymət isə 2120 AZN təşkil edir. Bura 3 dəfə qidalanma ilə yanaşı, müayinə və müalicələr də daxildir.
Maraqlıdır ki, COP29 dövründə endirimlər var. Belə ki, noyabrın 14-də səhər yeməyi daxil bir günlük qonaqlama qiyməti 170, iki dəfə qidalanma ilə 220, 3 dəfə qidalanma ilə isə 280 AZN təşkil edir. Qeyd olunan dövrdə bu hoteldə bir həftəlik gecələmə isə 2 nəfərə standart paketlə 1820 manata başa gələcək.
“Lənkəran Springs” Hoteldə noyabın 8-dən etibarən 2 nəfər üçün 2 gecəlik qiymət 3 dəfə qidalanma ilə 740 AZN təşkil edir. Həmin tarixdən girişlə 7 gün üçün qonaqlama qiyməti isə 2206 AZN-dir.
Günlük qiymətlərə qidalanma və SPA xidmətləri daxildir. Bir həftə qaldıqda isə sözügedən məbləğə həkim müayinələri də əlavə olunur.
14 noyabrda səhər yeməyi ilə 200, 2 dəfə qidalanma 250, 3 dəfə qidalanma 300 AZN təşkil edir. Bu tarixdən 7 gün ərzində standart paket üzrə qiymət 1974 AZN olacaq.
Naftalanda yerləşən “Çinar” Hoteldə tətilin ilk günü giriş olmaqla 3 dəfə qidalanma daxil standart otaqda 2 nəfər üçün bir gecəlik qiymət 247 AZN təşkil edir. Bu hotelə müalicə məqsədilə gəlindiyini nəzərə alsaq, 7 gecəlik rezervasiya tibbi paket sayılır. Tətil günləri ilə əlaqədar artıq Naftalan hotellərinə üz tutanların sayı çox olduğundan müraciət etdiyimiz hoteldə standart və delüks otaq qalmayıb. Qalanlar minimum premium otaqlardır ki, burada da standart tibbi paketlə (3 dəfə tibbi prosedurlarla) 1 gecə 620 AZN, həftəlik qiymət isə 4340 AZN təşkil edir.
Noyabrın 20-dən isə müraciət etdiyimiz hoteldə qiymətlərdə nisbətən azalma müşahidə olunur. Noyabrın 20-27-dək standart tibbi paketlə 2 nəfərlik otağın qiyməti 1540, delüks otaq 1848 AZN olacaq. Standart otaq iki nəfər üçün nəzərdə tutulsa da, digər otaqda 3 nəfər də qala bilər.
“Quba Palace” Hoteldə 8 noyabrda 2 nəfər üçün dağ mənzərəli otaqda səhər və axşam yeməyi daxil olmaqla, 1 gecəlik qonaqlama qiyməti 415 AZN-dir.
Bu hoteldə də COP29 günlərində qiymətlərdə enmə var. Belə ki, 8 noyabrdan bir həftəlik gecələmə qiyməti 1900 AZN təşkil edir. Bu həftənin 4 günü 415 AZN-dən, digər 3 gün isə 375 AZN-dən hesablanacaq. Hoteldən bildirildi ki, noyabrın 12-dən 23-dən ölkədə keçirilən COP29 tədbiri ilə bağlı hoteldə endirim var. Səhər və axşam yeməyi daxil olmaqla 1 günlük məbləğ 375 AZN təşkil edir. Qiymətə SPA, sauna, fitness xidmətləri daxildir.
“Qafqaz Riverside” Hoteldə 2 nəfərlik standart otaqlarda bir günlük qonaqlama qiyməti 388 AZN-dir. “Tufandağ” Hoteldə isə bu məbləğ 483 AZN təşkil edir. Bura səhər yeməyi və SPA xidmətləri daxildir.
COP29 günlərində bu hotellərdə də endirim tətbiq olunur. “Riverside” Hoteldə bu dövrdə 2 nəfərlik otağın qiyməti 238 manatdır. “Tufandağ” Hoteldə isə 2 nəfər üçün bir gecəlik qiymət 288 AZN-dir. Hoteldən, həmçinin bildirildi ki, hazırda noyabrın 13-dən etibarən bu qiymət tətbiq olunur. Lakin həmin tarixə yaxın dəyişə də bilər.
“Basqal” Hoteldə 8-12 noyabr arası səhər və axşam yeməyi daxil, 2 nəfər üçün 1 gecəlik qonaqlama qiyməti 330 AZN müəyyənləşib. Yalnız səhər yeməyi ilə bu otaq 100 manat fərqlə 230 AZN-ə təklif olunur.
Tətilin ilk günündən bir həftəlik səhər və axşam yeməyi daxil paket götürmək istəyənlərə bir qədər endirim oluna bilər. Belə ki, noyabrın 12-dək qiymətlər 307 manatdan hesablanır. 13-14 noyabrda isə 144 AZN olacaq və ümumilikdə məbləğ 1823 AZN təşkil edəcək.
13 noyabrdan həftəiçi qiymət 160 AZN, həftəsonu isə 190 AZN əşkil edir. Eyni tarixdən 1 həftəlik qiymət 2 nəfər üçün 1035 AZN təşkil edəcək. Bura yalnız səhər yeməyi və SPA xidmətləri daxildir.
“Şahdağ” Hoteldə isə noyabrın 8-dən 1 həftəlik heç bir otaq qalmayıb. 8 noyabrda 2 nəfər üçün 1 günlük dağ mənzərəli otaqda qiymət 180 AZN müəyyənləşib. COP29-da isə 1 həftəlik boş yerlər tapmaq olar. Noyabrın 12-dən 2 nəfər üçün 1 həftəlik qonaqlama qiyməti 1500 AZN olacaq. O da bildirildi ki, qiymətlər doluluq səvviyyəsindən asılıdır. Artıq bayram günlərinə yerlərin çoxu tutulduğundan o dövr üçün otaqlar daha yüksək qiymətə təklif olunur.
Qeyd edək ki, əlaqə saxladığımız hotellərdə bayram günləri əlavə olaraq canlı musiqi və animasiya qruplarının əyləncə şouları da nəzərdə tutulub.
Ölkədə distant iş imkanı bayramı xaricdə keçirməyə imkan verdiyindən, tətili ölkədən kənarda keçirənlər də olacaq. Bununla belə, qısa araşdırmamız göstərir ki, bölgələrdəki hotellərdə doluluq səviyyəsi yüksəkdir. Beşulduz hotellərlə yanaşı, aşağı və orta kateqoriyalı hotellərdə də artıq indidən tətil günlərinə məhdud sayda yerlər qalıb.