İslamofobiya ilə mübarizə üzrə BMT-nin xüsusi nümayəndəsi Migel Anxel Moratinos bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb.
“Gündəmtv.az”ın məlumatına görə, o, bu barədə Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçılarına video müraciətində bildirib.
"İslamofobiya ilə mübarizə üzrə BMT-nin xüsusi nümayəndəsi vəzifəsinə təyin olunduqdan sonra bu statusda ilk dəfə çıxış etmək mənim üçün böyük şərəfdir. Bu, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi kimi fəaliyyətimi tamamlayan yeni mandat çərçivəsində mühüm məsuliyyətdir", - o qeyd edib.
A.Moratinos dini dözümsüzlüyün dağıdıcı nəticələrə səbəb ola biləcəyini vurğulayıb: "Bir dini icmaya qarşı nifrəti dəstəkləmək və iğtişaşlara yol vermək digər dinlərə qarşı düşmənçiliyin artmasına səbəb ola bilər. Bundan əlavə, qorxu, inamsızlıq yarada və nəticədə cəmiyyət daxilində parçalanmaya gətirib çıxara bilər. Müsəlman icmaları ilə həmrəyliyə sadiqəm. Eyni zamanda nifrətin, zorakılığın bütün formalarına qarşı mübarizəyə sadiqliyimi bir daha təsdiq edirəm".
O, həmçinin öz mandatının həyata keçirilməsi və qarşılıqlı anlaşma, eləcə də hörmət prinsiplərinin təşviqi üçün birgə işləməyə hazır olduğunu bildirib.