Xəbər verildiyi kimi son vaxtlar ölkəmizdə bir neçə tiktoker həbs olunub.
Həbslərin səbəbi müxtəlif olsa da, onlar davranışlarıyla cəmiyyətə birbaşa təsir edirlər.
Nəticədə, canlı yayımlarda qeyri-etik sözlər davranışlar sərgiləyən, hətta bəzən reytinq xətrinə övladlarını istifadə edən, saxta xəbərlər yayan, insanların şərəf və ləyaqətini alçaldan insanların sayı artır.
Ümumiyyətlə, sosial şəbəkə fenomenlərinə qarşı belə tədbirlərin görülməsi ilk deyil. Dünyanın bir çox ölkəsində belə hallar yaşansa da, sosial şəbəkələrlə bağlı xüsusi nəzarət tədbirləri, qanun layihələri və maarifləndirmə işləri aparılır. Bizdə isə belə qanun layihəsi mövcud deyil.
Gündəmtv.az xəbər verir ki, məsələylə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Üzeyir Şəfiyev cəmiyyətə xeyli təsir göstərən bu fenomenlərlə bağlı aparılmalı maarifləndirmə işləri, tənzimləmələr və s barədə fikirlərini bildirib:
"Bəzi sosial media istifadəçiləri hüquqi məsuliyyətlərini başa düşməyib, əxlaqa, hüquqa zidd davranışlar sərgiləyirlər. Çünki onlar düşünürlər ki, sosial media platformasında istədiklərini edə bilərlər. Halbuki, fərqində olmalıdılar ki, hərəkətləri real dünyada olduğu kimi, virtual dünyada da hüquqi məsuliyyət daşıyır. Bu baxımdan hüquq mühafizə orqanlarının həmin şəxslərlə bağlı gördükləri tədbirlər təqdirəlayiqdir. Bu, davamlı xarakter daşımalı, kompaniya formasında olmamalıdır”.
Sosioloq sosial şəbəkələri tənzimləyən ayrıca qanunun olmasını təklif edib:
"Həmçinin, istifadəçilər sosial şəbəkə platformalarıyla bağlı maarifləndirilməlidirlər. Bəzi ölkələrdə, məsələn, Almaniya 2017-ci ildə bəzi sosial şəbəkələrlə müqavilə bağladı. Buna əsasən, platformalarda saxta adlarla insanları təhqir edən, yalan xəbərlər paylaşan istifadəçilər tapılır, Almaniya hökümətinə verilir və onlarla bağlı tədbirlər görülürdü. Təklif edirəm ki, Azərbaycanda da belə bir müqavilə bağlansın”.
Üzeyir Şəfiyev belə qeyri-etik paylaşımların cəmiyyətə mənfi təsiri, o cümlədən, insanların xüsusilə, azyaşlıların bundan asılı olmasını da problem kimi qeyd edib.