Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğın söndürülüb.
Gündəmtv.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
“Həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib”, - deyə məlumatda qeyd olunub.
***
“Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğın zamanı xəsarət alan olmayıb”.
Bu barədə məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu gün saat 23:36-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə çağırış daxil olub.
“Hadisənin miqyası nəzərə alınaraq, əraziyə altı təcili tibbi yardım briqadası cəlb edilib. Son məlumata görə, hadisə zamanı təcili tibbi yardıma xəsarət alan və zərərçəkənlərlə bağlı müraciət qeydə alınmayıb”, - deyə məlumatda qeyd olunub.