Son 8 ayda ölkədə 14 248 boşanma qeydə alınıb. Bu rəqəmlərə əsasən, demək olar ki, hər gün 59 boşanma prosesi olur.
Boşanmaların səbəbləri müxtəlif cür izah edilir. Belə ki, son zamanlar kişilərə görə, qadınlar aliment almaq üçün boşanır.
Qadınlar isə bu fikri doğru hesab etmirlər.
Gündəmtv.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış vəkil Zibeydə Sadıqova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, boşanma səbəbləri müxtəlifdir:
"Boşanmaya təsir edən amillər iqtisadi vəziyyət, təhsil səviyyəsi, səhhət, məişət zorakılığı və s.-dir. Mənə boşanma üçün müraciət edən qadınların böyük əksəriyyəti məişət zorakılığı qurbanlarıdır. Dəfələrlə boşanma üçün cəhdlər edirlər. Lakin qadınların iqtisadi asılılığı, iqtisadi cəhətdən müstəqil olmaması zorakı ərin yanına qayıtmağa onları məcbur edir".
Vəkil qeyd edib ki, Ədliyyə Nazirliyi 2024-cü ilin 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olduğunu bildirib:
"İcraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır.
İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir. Lakin araşdırsanız görərsiniz ki, qadınlar minimum alimenti belə ala bilmirlər.
"Qadınlar aliment üçün boşanırlar" fikri çox gülüncdür. Minimum aliment miqdarı 235 manatdır. Bu pulla qadın nə edə bilər? Üstəlik, bu məbləğ bir uşağın aylıq yemək xərci kimi nəzərdə tutulur".
Vəkil vurğulayıb ki, hökumət problemi araşdırmalı və sonra onun həlli üçün proqramlar həyata keçirməlidir:
"Bunun üçün qeyri-hökumət təşkilatlarına müraciət edilməli, sorğular keçirilməli, məhkəmə işləri ümumiləşdirilməli, insanların ehtiyacları öyrənilməlidir. Daha sonra isə müəyyən edilməlidir ki, ailələrin qorunub saxlanması, valideyn və uşaq arasındakı münasibətlərin dayanıqlığı üçün nə etmək lazımdır.
Bütün günü "boşanma artıb", "qadınlar aliment üçün boşanırlar", "TikTok"-a baxıb boşanırlar" demək professional yanaşma olmaz.
Hökumət təhsil səviyyəsinin qaldırılması, səhiyyənin inkişaf etdirilməsi, maarifləndirilmənin aparılmasını təşkil etməlidir.
Əks halda, boşanma da, məişət zorakılığı da, məktəbli uşaqların arasında cinayətlər də artacaq".
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, komitə tərəfindən gənc ailələr arasında maarifləndirmə işləri aparılır:
"Hətta bu yaxınlarda Gənc Ailə Forumu keçirilib. Forumun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsi olub. Bölgələrdən və paytaxtdan dəvət olunan 90-dan çox gənc ailənin iştirak etdiyi Forumda ailə dəyərləri haqqında maarifləndirici söhbətlər aparılıb".