Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə oktyabrın 12-də Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
Bu barədə Ölkə.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ali Baş Komandanın yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və digər çıxışlarında səsləndirdiyi fikirləri müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri hərbi gücümüzün və döyüş imkanımızın artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca məqsədimiz olduğunu xüsusi vurğulayıb. Nazir qoşunların xidməti-döyüş fəaliyyətində dövlət başçısının fikirlərindən irəli gələn tapşırıqların icrasının daim diqqət mərkəzində saxlanmasının əhəmiyyətini qeyd edib.
Sonda mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlərin keçirilməsi, şəxsi heyət tərəfindən təhlükəsizlik və nizam-intizam qaydalarına riayət edilməsi, təlim-tədris və təhsil prosesində keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması barədə əlavə göstərişlər verilib.