QARABAĞ AZƏRBAYCANDIR!

Zəhərə çevrilən HƏYAT MƏNBƏYİ – Havada dəm qazının artmasının QORXUNC FƏSADLARI 155
2023-11-25 12:56 | 0 Rəy

Zəhərə çevrilən HƏYAT MƏNBƏYİ – Havada dəm qazının artmasının QORXUNC FƏSADLARI

“Son günlər Bakı şəhərində və Abşeron yarımadasında havada dəm qazının miqdarının artmasının fəsadları özünü kəskin şəkildə göstərməkdədir. Əsasən də meteohəssas, qan təzyiqi, şəkər və endokrin xəstəliyinin digər formalarından şikayət edən insanlar bundan çox əziyyət çəkirlər”.

Bu sözləri terapevt Abbas Bağırov Bizim.Media-ya açıqlamasında bildirib. 

Dəm qazının karbon qazına nisbətən bir neçə dəfə çox toksiki-zəhərli təsirə malik olduğunu söyləyən terapevt, onun qan zülalları ilə birləşdiyini və bütün toxumalara daşındığını diqqətə çatdırıb:

“Bununla da toxumaların mübadilə prosesini ciddi şəkildə pozur. Ağır dəm qazından zəhərlənmə halları bununla əlaqədardır. Buna görə də ilk növbədə ETSN və digər rəsmi qurumlar əhali arasında təlimatlandırma və maarifləndirmə prosesinə başlamalı, bununla ciddi məşğul olmalıdır”.

Dəm qazının qorxunc fəsadları

Onun sözlərinə görə, bu qazın miqdarı qanda artdıqda, hüceyrələrdə kəskin hipoksiya, yəni oksigen çatışmazlığı yaradır:

“Bunun fonunda da membranın keçiriciliyi dəyişir, tormozlanır, beyin qidalanması pozulur, hətta dəm qazından ağır zəhərlənmələrə səbəb olur və ölüm halları baş verir”. 

Müsahibimiz onu da əlavə edib ki, atmosferdə dəm qazının miqdarının artması insanlarda kütləvi şəkildə ümumi yorğunluğa səbəb olur: 

“Eyni zamanda, baş ağrıları, beyin yorğunluğu, ürək döyüntülərinin artması, ətrafa diqqətin pozulması kimi hallarla özünün göstərir. Əsasən də, meteohəssas və yaşlı insanlarda kəskin baş ağrıları, baş dönmələri və göz qaralmaları baş verir. Son günlərin praktiki göstəriciləri də bunu açıq şəkildə göstərir”. 

Həkim, dəm qazının atmosferdə artmasının başlıca səbəbini əhali sıxlığı ilə əlaqələndirib:

“Son illər Bakı şəhərində və Abşeron yarımadasında da əhalinin çox sıx şəkildə yerləşməsi avtomobillərin sayının çoxluğu, sənaye müəssisələrinin fəaliyyəti nəticəsində dəm qazının miqdarı çoxalır. Digər tərəfdən isə atmosferdə zəhərlənmələr artıb. Ona görə ki, dünyada ağır müharibələr gedir. Bu zaman yaranan reaksiyalar atmosferdə birləşir və bütün dünyaya yayılır”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərində dəm qazının normadan çox olduğunu açıqlayıb. 

Məlumata görə, gün ərzində Bakının havasında dəm qazının miqdarı normadan 1.2 dəfə yüksəkdir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş