QARABAĞ AZƏRBAYCANDIR!

YAP Gənclər Birliyi Oxçuçayla bağlı bəyanat yaydı 143
2022-10-13 09:33 | 0 Rəy

YAP Gənclər Birliyi Oxçuçayla bağlı bəyanat yaydı

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ermənistan tərəfindən Oxçuçayda suyun çirklənməsi ilə bağlı bəyanat verib.

“Gundemtv.az”verdiyi xəbərə görə, bəyanatda qeyd olunur ki, Ermənistan tərəfindən ciddi çirklənməyə məruz qalmış çaylardan biri də Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən 83 kilometrlik uzunluğa malik olan Oxçuçaydır:

“Həmin çayın 47 kilometrlik hissəsi məhz Ermənistan ərazisindən keçir ki, bu da çayın çirklənməyə məruz qaldığı əsas yerdir. Burada fəaliyyət göstərən Zəngəzur mis-molibden zavodu çayın çirklənməsinin əsas səbəbkarıdır. Lakin buna baxmayaraq, şirkət bu məsuliyyətdən yayınmağa çalışır və həmin iddiaları qəbul etmir. Bir zamanlar əkinçilik məqsədləri üçün istifadə olunan və nadir balıq növlərinin olduğu bu çay indi yüksək səviyyədə çirklənməyə görə canlı aləmi məhv edir. Çayın suyu həddindən artıq zəhərli olduğuna görə burada heç bir canlı yaşamır və bu səbəbdən “ölü çay” adlanır.

Zəngilan rayonu azad olunduqdan sonra ekoloqlar tərəfindən bu bölgədə ekoloji vəziyyətlə bağlı, xüsusilə Oxçuçayda suyun çirklənməsinə dair araşdırmalar aparılıb. 2021-ci ilin yanvar-mart aylarında sudan alınan nəticələr onu göstərir ki, burada yüksək miqdarda ağır metallar – mis, molibden, manqan, dəmir, sink və xrom vardır. Bu cür çirklənmə flora və faunaya ciddi zərər verməklə yanaşı, insan həyatına da xüsusi təhlükə yaradır. Suyun tərkibində qeyd olunan ağır metalların çoxluğu insan orqanizmində mədə-bağırsaq traktının pozğunluqlarından tutmuş böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərlə bədənin ürək-damar, sinir və hematopoetik sistemlərinin pozulmasına qədər fəsadlara səbəb olur. Oxçuçaydan alınan nümunələr bir daha sübut edir ki, Zəngəzur mis-molibden zavodu bu çaya çirkli suyu təmizləmədən axıdır”.

Bəyanatda bildirilir ki, Ermənistanın Transsərhəd Su Axınlarına dair Helsinki Konvensiyasına qoşulmaması onun beynəlxalq hüquq qarşısında məsuliyyət daşımaqdan boyun qaçırmasına şərait yaradır:

“Bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır.

YAP Gənclər Birliyi olaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ətraf mühitlə bağlı təşkilatları Ermənistanın əməllərinə qarşı laqeyd qalmamağa çağırırıq. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji terror əməllərini kəskin şəkildə pisləməlidir. 30 ilə yaxın Ermənistanın Azərbaycana qarşı işğal siyasəti milyonlarla azərbaycanlının taleyinə ciddi təsir edib, onminlərlə insan qətlə yetirilib, yüzminlərlə insan yaşayış yerlərindən məhrum olunub. Bu təcavüzün ekoloji müstəvidə davam etməsinə təsirsiz qalmaq bütün dünya ictimaiyyətini narahat etməlidir”.

 


0 şərh:

Səndə öz fikrini bizimlə bölüş