QARABAĞ AZƏRBAYCANDIR!

Vilayət Eyvazov Türkiyə Jandarm Baş Komandanının müavini ilə görüşüb - FOTO 80
2023-07-20 16:22 | 0 Rəy

Vilayət Eyvazov Türkiyə Jandarm Baş Komandanının müavini ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Baş Komandanının müavini ordu generalı Ali Çardakçının başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Bu barədə "Gündəmtv.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Əvvəlcə cənab Ali Çardakçı və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

İyulun 20-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Baş Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Baş Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Ali Çardakçı Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "Bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub.

General-leytenant Şahin Məmmədov Türkiyə Jandarm Baş Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin daha da genişləndiyini qeyd edib, qonaqlara Qoşunların Vətən müharibəsindəki döyüş yolu və inkişafı barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrlə tanış olublar. "Ölkə.az"

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş